Dünya neft qiymətləri ötən cümə axşamı 1 barrel üçün az qala 60 dollara çatsa da, oktyabrın 27-də, cümə günü yenidən 58.92 dollara düşüb.
Neftin qiyməti oktyabrın 26-da 59.55 dollara çatmışdı, bu isə 2015-ci ilin iyulundan bəri ən yüksək qiymət idi.
Eyni zamanda ABŞ neftinin qiyməti 28 sent düşərək 52.36 dollar olub.
Reuters agentliyi yazır ki, bu il neft qiymətləri bazarın daralması və hasilat ixtisarının uzadılacağı barədə xəbərlərlə əlaqədar yüksək hədd ətrafında var-gəl edir.
Oktyabrın 27-də İraq hökumət qoşunları ilə Şimali İraq regionunun kürd peşmərgələri arasında atəşkəs razılaşmasının əldə edilməsi barədə xəbərlər neft qiymətlərinin azca enməsinə səbəb olub.
Petromatrix firmasından ekspert Olivier Jakob-un fikrincə Səudiyyə Ərəbistanının neft qiymətini qaldırmağa hesablanmış xəbərləri qiyməti 60 dollardan yuxarı qaldıra bilməyib.
Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman demişdi ki, onun ölkəsi neft qiymətlərinin sabitləşməsi naminə hasilat ixtisarının müddətini uzatmaq əzmindədir.
ABŞ-ın Jefferies İnvestisiya bankı bildirib ki, “əgər OPEC və qeyri-OPEC partnyorları 2018-ci ildə də hasilat ixtisarını saxlamaq qərarında razılığa gələ bilsələr, 2019-cu ildə qiymətlərin sabitləşməsinə nail olmaq mümkün ola bilər”.
OPEC və Rusiya da daxil qeyri-OPEC ölkələri bildiriblər ki, 2018-ci ilin martınadək hasilatın günə 1, 8 milyon barrel ixtisarl rejimini saxlamağa hazırdırlar.
Oktyabrın 26-da neftin qiymətini 60 dollara yaxınlaşdıran bu kimi “müjdəli” xəbərlər olub.
OPEC hasilatın ixtisarına dair razılaşma müddətininin uzadılmasını noyabrın 30-da Vyanada keçiriləcək iclasında müzakirə etməlidir.
Bu arada ABŞ neftinin hasilatı günə 1, 1 milyon barreldən 9, 5 milyon barrelə yüksəlib.
UBS Wealth Management firmasından neft təhlilçisi Giovanni Staunovo deyib ki, “Brent neftinin qiyməti həqiqətən də 60 dolları keçə bilməz, çünki bu baş versə, Amerikanın şist neftçiləri daha çox xammal hasil etməyə başlayacaqlar”.
Staunovo bildirib ki, UBS Brent qiymətinin 55-60 dollar arasında qalacağına inanır.