Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Neft Fondunun büdcəsi gələn il də kəsirli olacaq


Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Xərclər gəlirləri üstələyir

Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinə rəyini açıqlayıb. Fondun gəlirlərinin gələn il 10 milyard 590 milyon manat, xərclərininsə 12 milyard 790 milyon manat olması proqnozlaşdırılır. Bu o deməkdir ki, fondun büdcəsində 2 milyard 200 milyon manat kəsir yaranacaq. Fondun builki büdcəsi təsdiqlənərkən gəlirlər 8 milyard manat, xərclər 12 milyard 249 milyon manat səviyyəsində müəyyənləşdirilmişdi. Deməli, gələn il Neft Fondunun gəlirləri 32.4 faiz, xərcləri isə cəmi 4.4 faiz çox olacaq.

Gələn ilin büdcə gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb. Hesablama Palatası öz hesabatında Neft Fondunun büdcəsinin kəsirli olmasını da əsaslandırıb. Bu zaman gələn il fond gəlirlərinin başlıca qaynağında – "Azəri-Çıraq-Günəşli" yataqlarında hasilat həcminin bu illə müqayisədə 1.5 milyon barel az nəzərdə tutulmasına və xam neftin satış qiymətinin 50 ABŞ dolları məbləğində müəyyənləşməsinə diqqət çəkilib. Çıxarılan qazın satış qiymətinin artması valyuta aktivlərinin yerləşdirilib-yönəldilməsindən əldə edilən gəlirləri də azaldıb. Beləcə, 2021-ci ildə olduğu kimi, gələn ildə də Neft Fondun büdcəsi kəsirlə proqnozlaşdırılıb.

Dövlət Neft Fondunun gələnilki xərclərinin mütləq əksəriyyəti – 99.4 faizi dövlət büdcəsinə transfertlərdir. Yerdə qalan xərclərsə fondun xaricdə təhsil proqramına və qurumun idarə edilməsinə ayırdığı vəsaitdən ibarətdir. Neft Fondunun gəlirlərinə gəlincə, burada ilk yeri, təbii ki, neft-qaz satışından əldə edilən gəlirlər tutur. Belə gəlirlərin gələn il fondun toplam gəlirlərinin 81 faizi olması proqnozlaşdırılır. Gəlir strukturunda ikinci yeri fondun sahib olduğu aktivlərin yönəldilməsindən əldə ediləcək vəsait tutur. Gələn il boyunca aktivlərin idarə edilməsindən 1 milyard 217 milyon manat gəlir gözlənilir. Bu, fondun toplam gəlirlərinin 14 faizi deməkdir.

Fondun daşınmaz əmlak investisiyaları London, Tokio, Moskva və Parisdədir

Hesablama Palatasının rəyində Neft Fondunun daşınmaz əmlak aktivləri ilə bağlı bilgilər də əksini tapıb. Hazırda Neft Fondunun daşınmaz əmlak yatırımlarının toplam dəyəri 2 milyard 658 milyon dollardır. Fond Londonun Vest End səmtində, Seynt Ceyms-78 ünvanında yerləşən, dəyəri 134 milyon funt sterlinq olan ofis kompleksinə, Moskvanın biznes mərkəzində - Tverskaya-16 ünvanında yerləşən və dəyəri 3 milyard 38 milyon rubl olan "Qalereya Aktyor" ofis-ticarət mərkəzinə, Parisin Vendom meydanı-8 ünvanında yerləşən, dəyəri 180 milyon avro olan daşınmaz əmlak kompleksinə və eləcə də Tokio şəhərində yerləşən və dəyəri 57 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya yatırıb.

Fondun Moskva, Paris və Tokiodakı daşınmaz əmlakları quruma bu ilin doqquz ayı ərzində 10 milyon dollara yaxın gəlir qazandırsa da, Londondakı daşınmaz əmlak aktivi 31 milyon dollara yaxın xərc yaradıb. Bu üzdən, 2021-ci ilin doqquz ayı ərzində gəlir göstəricisi 5.76 faiz olsa da, portfelin strukturuna daxil olan "birbaşa investisiyalar" üzrə mənfi gəlirlilik gözə çarpıb. Mənfi gəlirliliyə səbəb kimi Londonda yerləşən daşınmaz əmlakın 2018-ci ildə başlayan və indi də bitməyən təmir işləri və əmlakda icarəçinin olmaması göstərilib. Gələn il Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gözlənilən gəlir həcmi 145 milyon dollar həcmində müəyyənləşdirilib.

Fondun aktivləri, əsasən, dollarladır

Hesablama Palatasının rəyində o da qeyd edilir ki, gələn il Dövlət Neft Fondunun investisiya portfelinin 65 faizi dollarla proqnozlaşdırılır. Bu ilin üçüncü rübünün nəticələrinə görə, indi fond investisiyalarında dolların xüsusi çəkisi 69 faizdir. Gələn il Neft Fondunun investisiya portfelinin 20 faizinin avroda, 5 faizinin funt sterlinqdə, 10 faizininsə digər valyutalarda olması proqnozlaşdırılır. Son – sentyabrın 1-nə olan bilgiyə görə, fond aktivlərinin toplam dəyəri 44 milyard 226 milyon dollardır. Hesablama Palatasının fikrincə, gələn il fond aktivlərinin dəyəri bu illə müqayisədə 1 faizə yaxın azalacaq.

Palata fondun aktivlərinin dəyəri ilə yanaşı, gəlirlilik səviyyəsində də azalma olacağını düşünür. Belə ki, 2022-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 716 milyon dollar olması proqnozlaşdırılır. Bu, ötən illə müqayisədə 38.5 faiz az, 2021-ci ilin proqnoz göstəricisindən 60.2 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisindənsə 18 faiz azdır.

Hesablama Palatasının rəyində ayrıca diqqət çəkilən məqamlardan biri də fondun öz idarəçilyindən kənar vəsaitinin olmasıdır. Rəydə vurğulanır ki, bu ilin oktyabrına olan məlumata görə, Dövlət Neft Fondu Azərbaycan Mərkəzi Bankının pul siyasətinin dəstəklənməsi məqsədilə 1 milyard 530 milyon manatı və ya 900 milyon dolları qurumdakı hesablarında saxlayır. Deməli, həmin vəsait Dövlət Neft Fondunun idarəetməsindən kənardır və fondun bu vəsaitdən əlavə gəlir götürmək imkanı da yoxdur.

XS
SM
MD
LG