Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:01

Artan neft gəlirləri Azərbaycana ikinci şans verir, amma…


Büdcədə yaranan artıq pul hara xərclənsin?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Büdcədə yaranan artıq pul hara xərclənsin?

2018-ci ilin dövlət büdcəsinə yenidən baxılır. Büdcə gəlirlərinin artırılması gözlənilir. Gəlirlərin artmasını iqtisadçılar əsasən Azərbaycanın əsas satış məhsulu olan neftin dünya bazarında bahalaşması ilə izah edirlər. Bəs, büdcəyə toplanan əlavə pulun hansı sahələrə yönəldilməsinə ehtiyac var?

ARTAN GƏLİR HANSI SAHƏLƏRƏ AYRILSIN?

Millət vəkili Fazil Mustafa deyir ki, parlamentdə yeni dövlət büdcəsi layihəsi mayın 31-də müzakirə ediləcək. Amma əlavə edir ki, hələlik Maliyyə Nazirliyi yeni büdcə layihəsini parlamentə təqdim etməyib. Ona görə də artımların hansı sahələrə yönəldiləcəyi hələki bəlli deyil. Fazil Mustafa artan gəlirlərin təhsil və sosial layihələrə yönəldilməsini daha uyğun sayır:

“Bizim büdcə neftdən asılı olduğundan, neftin qiymətinin dəyişməsi də büdcəyə öz təsirlərini göstərir. Mən daha çox diqqət ayrılmalı sahənin təhsil olduğunu düşünürəm. Digər tərəfdən əhalinin sosial müdaifəsi ilə bağlı məsələlərə, özəlliklə əlillərə və şəhid ailələrinə, mənzil tikintisinə diqqət yetirilməlidir. Bir də kredit borclarının silinməsi istiqamətində də düşünmək olar”.

"BU VƏSAİT DƏ KORRUPSİYAYA UĞRAYA BİLƏR"

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı-alim Qubad İbadoğlu da artan gəlirlərin təhsil, səhiyyə və digər sosial istiqamətlərə ayrılmasını daha doğru hesab edir. Amma ehtimal edir ki, artan gəlirlər yenə də investisiyaya ayrılacaq:

“İnvestisiya büdcəsi də bilirsiniz ki, ən çox korrupsiyalaşmış büdcədir. Bunun da hesabına korrupsionerlərə daha çox pay verilir. Biz ekspertlər əslində vəsaitin investiyaya yönəldilməsinin əleyhinə deyilik. Sadəcə olaraq, Azərbaycanda dövlət alqı-satqıları şəffaf və hesabatlı deyilsə, layihələr hədsiz şişirdilirsə, sifarişlərin alınması və verilməsi də bir qrupun inhisarındadırsa bu ayrılan vəsaitlər korrupsiyaya uğrayır, real iqtisadiyyatda əksini tapmır”.

654 MİLYON DOLLAR ARTIQ GƏLİR…

Azərbaycan hökuməti, eləcə də prezident İlham Əliyev dövlət büdcəsinin sosial yönümlü olduğunu bəyan edir və hər ilin dövlət büdcəsində sosial-müdafiəyə, təhsil və səhiyyə kimi sahələrə ciddi diqqət ayrıldığını bildirirlər.

2018-ci ilin büdcə gəlirləri 20 milyard, xəcrləri isə hardasa 21 milyard manatdır. 2018-ci ilin dövlət büdcəsində neftin bir bareli 45 dollardan götürülüb. Mayın 22-nə dünya bazarında Azərbaycan neftinin bareli 80 dollaradır. Bununla da 2018-ci ilin dövlət büdcəsində 654 milyon dollar əlavə pul yaranıb.

Bəs, Bakı sakinləri necə onlar hansı sahəyə büdcədən daha çox pul ayırılmasını istərdilər? AzadlıqRadiosu paytaxt küçələrində videosorğu keçirib:

Sizdən olsaydı, hansı sahəyə büdcədən daha çox pul ayırardınız?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

"DÜNYA BAZARINDA NEFTİN BAHALAŞMASI SİYASİDİR"

Bəs, indi neftin qiymətinin artmasına bel bağlamaq olarmı? 2018-ci ilin ilk yarısında müşahidə olunan artım, ilin sonunacan davam edəcəkmi? İqtisadçı Qubad İbadoğlu bu sualı cavablamaqda çətinlik çəkir. Deyir ki, hər şey dünya bazarında neftin qiymətindən aslıdır.

ABŞ-ın İranla nüvə razılaşmasından çıxması, ardınca Venesuelladakı hadisələr neftin qiymətinə təsir edib. Millət vəkili Vahid Əhmədov da eyni fikirləri bölüşür. Deyir ki, indiki artım siyasidir və çox uzun zaman davam edə bilməz:

“Çünki neftin qiymətinin enməsində maraqlı dövlətlər var. Düzdür, Azərbaycana neftin qiymətinin yüksək olması yaxşıdır. Amma müəyyən zamandan sonra neftin qiyməti enəcək. Ona görə manatın möhkəmlənməsi və qiymətlərin enməsi barədə danışmaq hələ tezdir”.

Bu ilin mayında Dünya Bankının yaydığı hesabatda da dünya bazarında neftin bahalaşması və bunun da Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərdiyi bildirilir.

Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə adlı hesabatda Azərbaycanda 2018-2020-ci illər üçün pozitiv proqnozlar verib.

İqtisadçı Natiq Cəfərli belə bir pozitiv proqnozu Azərbaycan üçün ikinci şans hesab edir. O düşünür ki, Azərbaycan hökuməti bu dəfə artan neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmalıdır.

Elə Azərbaycan rəhbərliyi də 2015-2016-cı il iqtisadi böhranından sonra Azərbaycanın postneft dövrünə keçdiyini vurğulayır. Neftdən aslılığı minimuma endirmək, qeyri-neft sektorunu inkişaf etdirmək üçün iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı strateji yol xəritələri qəbul edilib. Ötən ildən icrasına başlanan işlərin uğurla davam etdiyini bildirilir. Hərçənd müstəqil iqtisadçılar ölkədə korrupsiya, ədalətli məhkəmə kimi problemlərə görə bu planların uğuruna o qədər də ümidli deyillər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG