Son zamanlar İTV kanalında ictimai əhəmiyyətli mövzulara da yer verilməsi izləyicilərin diqqətindən yayınmır.
Bu telekanalda ictimai nəqliyyatdakı problemlərə, hətta seçkilərdəki saxlakarlıq hallarına qədər ən müxtəlif mövzulara yer ayrılır.
Xəbərlər proqramında qutulara topa bülletenlərin atılması, müşahidəçilərə təzyiqlərdən bəhs olunur.
Hətta qonaqlar bəzən tənqidi suallara da tuş gəlirlər. Məsələn, kanalın 3D verlişində YAP-ın qalib elan edilmiş namizədi Elman Nəsirliyə sual olunur ki, “125 nəfərlik parlamentdə 83 nəfəri yenidən seçilirsə, onda bunun nəyi dəyişiklik oldu?”
Bəs, ictimai televiziyada bu dəyişikliyin səbəbi nədir, teleziya bu siyasətini hara kimi yürüdə bilər?
Telekanalın baş direktoru Balakişi Qasımov səhhəti ilə əlaqədar bu gün suallarımızı cavablandıra bilmədi.
Amma o bir neçə ay öncə elə İTV-nin efirində demişdi ki, onları reytinq yox, keyfiyyətli verlişlər daha çox düşündürür.
“Çünki biz reytinq arxasınca qaçsaq, gərək bayağı verilişlər hazırlayaq. Amma bunu biz nə özümüzə, nə də tamaşaçılarımıza yaraşdırırıq”.
İcazəli tənqid
Bu dəyişikliyi teleziya kanallarının sosial şəbəkələrə uduzması və kanalların öz mövqelərini geri qaytarma cəhdi kimi yozanlar da var.
Amma media hüququ eksperti, hüquqşünas Ələsgər Məmmədli düşünür ki, ictimai televiziya hələ də öz missiyasına uyğun ictimai əhəmiyyətli məlumatları tamaşaçıya tam çatdırmır:
“İcazə verilən həddə tənqidə imkan verilir. İcazə verilən hədd nədir? Tutalım, kütləvi saxtakarlıq olub, ilk günlərdə rəsmilər bundan danışmırsa, ictimai TV də danışmır. Amma sonradan 4 dairədə nəticələr ləğv olunanda onlar da bu mövzunu ictimai müzakirələrə çıxara bilirlər”.
Onun sözlərinə görə məsələn növbədənkənar parlament seçkiləri dövründə İTV-nin efirindən daha çox hakimiyyətyönümlü fikirilərə yer verilib. Nə bir müxalifət lideri efirə çağırılıb, nə də ki onların nümayəndələri.
Biz bu mövzuda sadə vətəndaşların da fikirlərini öyrənmişik. Bakı küçələrində rastımıza çıxan bir neçə nəfərdən soruşmuşuq ki, sizcə, yerli kanallar seçkini nə qədər obyektiv işıqlandırdı:
Müstəqil media ekspertləri Azərbaycanda yerli telekanallarda, o cümlədən də İTV-də ictimai əhəmiyyətli mövzulara yetərincə yer verilmədiyi qənaətindədilər.
Bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan hökuməti medianın durumuna görə tənqid olunub.
Azad medianın susdurulduğu, müstəqil jurlanistlərə təzyiqlər edildiyi vurğulanıb. Azərbaycan hökuməti bu cür tənqidləri rədd edir.