Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:46

Nazirlik şagirdin döyülməsini nə təsdiqləyir, nə də təkzib edir


Aprelin 12-də Bakının Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı məktəbin 7-ci sinif şagirdi Aqşin Hüseynzadə kəllə-beyin travması ilə 1 saylı Klinik Tibb Mərkəzə aparılıb. İlkin yayılan məlumatlarda məktəblinin müəllimi tərəfindən döyüldüyü deyilirdi.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Cəsarət Valehov isə AzadlıqRadiosu-na məlumatı nə təsdiqləyib, nə də təkzib edib. O, sadəcə məktəblinin səhhətinin kafi olduğunu, deyilənlər haqda xidməti araşdırmadan sonra ətraflı məlumat veriləcəyini bildirib:

“İki-üç saat bundan öncə həmin şagirdlə xəstəxanada görüşdüm və əhvalını soruşdum. Atası da orda idi. Həkimin də qeydləri alındı. Belə deyək, xəstənin sağlamlıq vəziyyəti kafi idi. Evə buraxıldı. Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin əməkdaşları hazırda məktəbdə xidməti araşdırma aparırlar. Yəni bu uşağın şiddətə məruz qalıb-qalmadığı araşdırılır. Nəticəsi haqqında məlumat veriləcək”.

Cəsarət Valehov şagirdin bədənində şiddət izi görmədiyini də qeyd edib:

“Ayağa durub avtomobilə əyləşdi və evlərinə getdi. Belə bir fakt varsa araşdırma aparmadan, təhlil etmədən deyə bilmərik. Belə bir hal baş veribsə məlumat veriləcək”.

“Bəs siz özünüz uşaqdan soruşmadınız ki, ona fiziki təzyiq olub ya yox?” – sualına nazirlik sözçüsü belə cavab verib: “Mən əhvalını soruşdum. Dedi ki, yaxşıyam”.

Bakı Təhsil İdarəsi məlumatı təkzib etsə də, az sonra “Lent.az” portalı 1 saylı Kliniki Tibbi Mərkəzə istinadla uşağın döyüldüyünü yazıb. Xəbərdə şagirdin atasının da belə söylədiyi qeyd olunur.

AzadlıqRadiosu bununla bağlı xəstəxanadan hər hansı açıqlama ala bilməyib.

Bu, son günlərdə orta məktəbdə şiddətlə bağlı yayılan ilk xəbər deyil. Ötən həftə Bakı məktəblərinin birində Elina Hacıyeva adlı məktəblinin intihara cəhdi ölümlə nəticələnib, ölüm həddinə çatdırılma ilə bağlı cinayət işi başlanıb, məktəb direktoru, onun müavini, sinif rəhbəri, məktəb psixoloqu işdən çıxarılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG