Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:26

Kimin işsiz olduğu necə bilinməli?


İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var

Bəzi şikayətlərə görə, hələ 4-5 il öncə bir çox müəssisələrdə işçilər öz hesablarına məzuniyyətə göndəriliblər, amma bu şəxslərlə bağlanmış əmək müqavilələri ləğv edilməyib. Sonrakı illərdə də bu prosesin davam etdiyi bildirilir. İndi şikayətlərə görə, ölkədə bir xeyli şəxslər var ki, faktiki işsiz olsalar da, həmin səbəb üzündən hazırda işsizlərə verilən 190 manat müavinəti ala bilmirlər.

"Əmək müqavilələri sistemdə qalır, sadəcə, maaş almırlar"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Turan" agentliyinə deyib ki, Azərbaycanın əmək qanunvericiliyi ilə işçilərin kütləvi ixtisar edilməsi qadağandır. Onun sözlərinə görə, amma hansısa böhran və ya müəssisədə işin azalması səbəbiylə işəgötürən vəziyyətdən çıxa bilmək üçün işçilərin bir hissəsini ödənişsiz məzuniyyətə göndərir:

S.Məmmədov
S.Məmmədov


"Bu, işçilərə ümid kimi qalır ki, iş yeri var, əvvəl-axır işə çağıracaqlar. Əmək müqavilələri sistemdə qalır, sadəcə, maaş almırlar".

Onun qeyd etməsinə görə, belə fors-major vəziyyət yarandıqda, yəni, müavinət üçün müraciət lazım gəldikdə əmək müqaviləsi olduğuna görə imtina cavabı verilir: "Mahiyyəti bilmirlər. Mənə bu məsələ ilə bağlı belə müraciətlər olmuşdu. Ona görə bildirdim ki, kimin işsiz olduğunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığorta ödənişləri ilə müəyyən edə bilər".

"VÖEN-i dondurur, amma..."

VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə bağlı məsələyə gəlincə isə, S.Məmmədov deyib ki, çoxları bunu bağlamır, sadəcə, "lazım olar" baxımından dondurur, amma sistemdə şəxs vergi ödəyicisi kimi görünür: "Əslində, faktiki olaraq elə VÖEN-lər var ki, illərdir dondurulub, fəaliyyət də yoxdur. Amma sistemdə vergi ödəyicisi kimi görünür. Ona görə belə şəxslərə avtomatik imtina cavabı verilir".

S.Məmmədov vurğulayıb ki, işsizliyə görə müavinətlərin kütləvi ödənişi bu məsələdə problemləri də üzə çıxarıb. Onun sözlərinə görə, bu problemlər yavaş-yavaş aradan qaldırılmaqdadır.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Bu fikirlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, burada əsas məsələ müqavilənin olub-olmaması yox, insanın düşdüyü ağır vəziyyətdən çıxarılmasıdır: "Burada qəti mövqe ancaq budur ki, hər cür bürokratik əngəlləri, müqavilə olub-olmaması və sairə məsələləri bir kənara qoyaraq ağır vəziyyətdə olan insanlara ucdantutma yardım edilməlidir".

"Lap tutaq ki, şəxsin hansısa sənədləri yoxdur,..."

Deputat daha sonra da əlavə edib: ​"Lap tutaq ki, şəxsin hansısa sənədləri yoxdur, bundan ötrü acından ölməlidir? Bu problemlərini həll edə bilməyən insanlar bizə də müraciətlər edirlər ki, belə halda nə etsinlər? Müavinəti ala bilmək üçün mürəkkəb proses qurulub. Əvvəlcə yardım 200 min insana nəzərdə tutulmuşdu. İndi bu 600 min nəfərə qaldırılıb. Bu müvəqqəti çətinlikdən çıxmaq üçün insanlara yardım olunmalıdır".

Nazirlik: 290 min nəfərə birdəfəlik ödəniş edilib

Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı ilkin olaraq 1 milyard manat ayrılıb. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.

3 uşaq atası Vasifə deyirlər ki, sənə yardım düşmür, çünki...
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00


Amma Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə görə, bir ailədə ər və arvad da işləmirsə, onlardan yalnız biri bu yardımı ala bilər. Habelə, pay torpaqlarına görə subsidiya almış şəxslərə də bu yardımın edilməyəcəyi qeyd edildi. Üstəlik, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara da birdəfəlik ödəmənin verilməyəcəyi bildirilib. Eyni zamanda, VÖEN-i olan şəxslər də bu yardımdan kənarda qalıb.

Ötən həftə isə prezident göstəriş verib ki, həmin 190 manatı alan şəxslərin sayı 600 minə çatdırılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55.1 milyon manatdır.

Yardımın aprel və may ayları üzrə verilməsi nəzərdə tutulur. "Aprel ayı üzrə ödənişlərin bu ayın (aprel) sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq", - nazirlik vurğulayıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 178 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 nəfərin öldüyü açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG