Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

Nazirin mühafizəçisi məhkəmədə: 'Məndən 200 min pul istədilər...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Uzun müddət daxili işlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışmış Xəyal Məmmədov indi təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılıb. Onun özü də polis əməkdaşı olub, Abşeron Rayon Polis İdarəsində işləyib. «Range Rover» markalı maşınla iki nəfərin ölümünə səbəb olan yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda suçlanır.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Yanvarın 23-də məhkəmədə ifadə verən X.Məmmədov özünü təqsirli bilmir. Deyir ki, qəzanın baş verməsində heç bir günahı olmayıb. Hadisə yerindən qaçması barədə ittihamda yazılanlar da yalandır, istər Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, istərsə də Təcili Tibbi Yardıma özü zəng edib xəbər verib: «Mən sürət həddini aşmamışam, hadisə yerindən də qaçmamışam. Əvvəlcə yolda qarşıdan gələn «Mercedes» məni çaşdırdı. Qarşıma çıxanda sağa çəkdim ki, onu vurmayım. Sonra da bu avtomobil qəfildən yoluma çıxdı. Allaha and olsun ki, mənim maşını saxlamaq imkanım olmadı. Məni yolumdan vurub çıxardı. Avtomobilim dərəyə düşəndə alışmağa başladı. Özümü güclə çıxarıb maşın tərəfə qaçdım. Fikirləşdim ki, birdən o maşın da yanar. Arxamla gələn maşın da əzilmişdi. Sürücüsü yanımda idi. Təcili tibbi yardıma zəng edib telefonu ona verdim. Özüm də gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxardım. Polisə də zəng edib məlumat verdim».

«Dedi ki, məni ələ salmısan? Dilənçiyəm?»

Təqsirləndirilən polis serjantı deyir ki, günahsız olmasını təsdiqləyən yetərincə sübutlar var. Amma Binəqədi Rayon Polis İdarəsində ona qarşı qərəzli davranıblar, əsassız ittihamlar irəli sürüblər. Onun sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsində 200 min manat pul tələb ediblər, verməyəndə işi onun əleyhinə yönəldiblər: «Binəqədi Rayon Polis İdarəsində istintaqın rəisi mənimlə prinsipə düşdü, ona görə də işi belə qurdular. Mənə dedi ki, «sənə kömək eləmək istəyirik, amma bilmirik necə edək». Qayıtdım ki, «günahım yoxdur». Dedi, «hadisə yerindən qaçmısan». Dedim ki, «görüntülərə baxın, sürət həddim 60-70 olub, şahidlər də təsdiqləyə bilər». Dedi ki, «nə şahid, istəsəm, 200 şahid gətirərəm». Mənə əli ilə 2 göstərib dedi ki, gətirsəm, məni evə buraxacaq. Ancaq gərək zərərçəkmişlərlə barışıq əldə edim. Düşündüm ki, bəlkə 20 min istəyir. Soruşdum ki, 20 min? Dedi ki, «məni ələ salmısan? Mən dilənçiyəm? 20-dən yuxarı...». Dedim ki, «200 min?». Cavab verdi ki, hə. O qədər pulum olmadığını dedim. Qayıtdı ki, «60 minə maşın almısan, polisə düzəlmisən, akademiyaya düzəlmisən». Cavab verdim ki, «mən 7 il cənab nazirin mühafizəsində işləmişəm. Binəqədidə baş verən yanğında xilasetmədə iştirakıma görə cənab nazir məni mükafatlandırıb, özü məni polis akademiyasında oxumağa göndərib». Mən onun şərtlərilə razılaşmadığıma görə sonu belə oldu...».

Təqsirləndirilən X.Məmmədov bu işin istintaqını aparan müstəntiqin və Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisinin məhkəməyə çağrılmasını, onunla üzləşdirilməsini istəyib.

Məhkəmə yanvarın 30-da davam edəcək.

Bu qəza ötən il iyunun 12-də Binəqədi qəsəbəsində baş verib. X.Məmmədovun idarə etdiyi «Range Rover»lə Rahib Əliyevin idarə etdiyi «Ford» markalı avtomobil toqquşub. Qəza zamanı «Ford»un sürücüsü və sərnişini hadisə yerində ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG