Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Nazir: 'Qəbul imtahanlarında yeniliklər gözlənilir'


İmtahan
İmtahan

«Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Yeni məzmun yeni qiymətləndirmə tələb edir».

Təhsil naziri Ceyhun Bayramov bunu sentyabrın 14-də «Azərbaycan» qəzetində dərc edilən «Təhsildə yeni hədəflərə doğru» sərlövhəli məqaləsində yazır.

Nazir qeyd edir ki, artıq tam orta təhsili başa vuran məzunlar buraxılış imtahanlarını yeni formatda verəcəklər və ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq.

Nazir imtahanların formatında dəyişikliklər olmasını ölkə iqtisadiyyatının inkişafından ötrü zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsi ilə əsaslandırır: «Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb. Hal-hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirik».

Nazirə görə, qısaca olaraq, yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq: «Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər».

Yeni modelə əsasən, ali təhsil müəssisələrinə qəbul zamanı məzunlar daha az sayda fəndən imtahan verməlidirlər.

C.Bayramov, əvvəlki illərdə olduğu kimi, imtahanları Dövlət İmtahan Mərkəzinin keçirəcəyini bildirir.

Xatırlatma

2017-ci ilə kimi Azərbaycanda ali məktəblərə qəbul imtahanı hər il cəmi bir dəfə keçirilib. 2017-cildən başlayaraq isə qəbul imtahanları iki pilləli təşkil edilir.

Azərbaycan Xalq Cəbhəsinin sədri, mərhum Əbülfəz Elçibəy prezident seçildiyi il (1992-ci il) Azərbaycanda qəbul imtahanları test üsulu ilə keçirilməyə başladı. Belədə ali məktəbə daxil olmaqdan ötrü yalnız qəbul imtahanlarında göstərilən nəticə əsas sayılırdı.

İndi bəzi ekspertlər hesab edirlər ki, yeni sistem subyektiv müdaxilələrə və qəbulda, SSRİ dönəmində olduğu kimi, rüşvət hallarına yol aça bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG