Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Nazir OPEC-in qərarını yüksək qiymətləndirir


Pərviz Şahbazov
Pərviz Şahbazov

Vyanada OPEC-ə (Neft İxrac Edən Ölkələr Təşkilatı) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Bunu Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

Yeni qərara görə, 2019-cu ilin yanvar ayından etibarən neft hasilatını OPEC üzvləri sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.

Nazirliyin məlumatında deyilir ki, dünya neft bazarının nizamlanması prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın azaldılması sazişinə qoşulub. Oktyabr ayında gündəlik neft hasilatı 783 min barrel olan Azərbaycanın müvafiq hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürdüyü bildirilir.

Qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi baxımından bu qərarı yüksək qiymətləndirib.

“Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlaşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEC+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçıları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu”, - nazir deyib.

OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub.

Azərbaycan 2016-ci ldən OPEC təşkilatı ilə dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə iştirak edir.

XS
SM
MD
LG