Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Nazir 907-ci düzəlişdən danışdı


S.Şərifov
S.Şərifov

Bu gün, mayın 17-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan maliyyə naziri Samir Şərifov vurğulayıb ki, sonuncu belə iclas 7 il bundan öncə keçirilib. O qeyd edib ki, bundan sonra belə tədbirlərin daha tez keçiriləcəyinə inanır.

Nazirin deməsinə görə, indiyə kimi ABŞ Azərbaycana 13.3 mlrd., Azərbaycan isə ABŞ-a 8.2 mlrd. dollar investisiya yatırıb.

O, əlavə edib ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracı isə 33 mln. dollar təşkil edib.

S.Şərifov vurğulayıb ki, bu rəqəmlər daha yüksək ola bilərdi, iki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir: «Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur) layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəzolunmazdır».

Nazir bildirib ki, bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur: «Məsələn, 907-ci düzəliş (ötən əsrin 90-ci illərinin əvvəlində tətbiq edilən sanksiya-red.) aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər».

«ABŞ şirkətləri məhkəməsi güclü olan ölkələrdə işləməyə üstünlük verir»

«ABŞ 27 ildir Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını dəstəkləyir...».

Bunu isə Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının mayın 17-də keçirilən IV iclasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer deyib. Onun sözlərinə görə, Azərbaycan son illər böyük iqtisadi irəliləyişlərə nail olub: «ABŞ Azərbaycanın hüquq və məhkəmə sistemində islahatların həyata keçirəcəyinə ümid edir. Çox istərdik ki, əqli mülkiyyət hüquqlarının qorunmasında irəliləyişlər olsun».

Ö.Litzenberqer
Ö.Litzenberqer

Səfir daha sonra da deyib: «Neft-qaz layihələri də uğurla həyata keçirilir. ABŞ Azərbaycanın energetika layihələrini, xüsusilə də Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməkdə davam edir. Bu komissiya çərçivəsində əməkdaşlığın genişlənəcəyinə və uğurlu olacağına ümid edirəm».

İclasda ABŞ-ın Dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisinin birinci müavini Piter Haas da çıxış edib. O da deyib ki, ABŞ və Azərbaycan arasında münasibətlər kifayət qədər güclüdür.

P.Haas vurğulayıb ki, Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının 7 ildən sonra bərpası çox sevindici haldır. O, bir sıra iqtisadi məsələlərin üzərində dayanmaqla yanaşı, vurğulayıb ki, ABŞ şirkətləri ədliyyə və məhkəmə sistemi güclü olan ölkələrdə işləməyə üstünlük verir.

Xatırlatma

ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib. İkinci (2008-ci il noyabrın 17-si) və üçüncü iclas isə (2012-ci il aprelin 17 və 18-i) Vaşinqtonda gerçəkləşib.

907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresində «Azadlığa Dəstək Aktı»na qəbul edilən və Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan sənəddir. Bu düzəliş ABŞ prezidentlərinin təşəbbüsü ilə zaman-zaman dondurulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG