Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:18

Nazim Bəydəmirli: “Azərbaycanda şəffaf sistem yaratmağın yolu...”


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin bu günlər bir sıra media orqanlarının rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Səfər Mehdiyev həmin görüşdə deyib ki, Azərbaycanda inhisarçılıq yoxdur . DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirib.

İqtisadçı-alim, keçmiş deputat Nazim Bəydəmirli Səfər Mehdiyevin həmin çıxışına münasibət bildirərkən bunları qeyd edib:

“Güman ki, Mehdiyev komitənin ləğv ediləcəyini, səlahiyyətlərinin Vergilər Nazirliyinə veriləcəyini bildiyindən belə danışır. Yəni o belə bir islahat aparılacağından məlumatlıdır, bu proses onun iradəsindən kənardır. Yaxud Səfər Mehdiyev hadisələri daha da qabaqlayaraq özünü müstəqil fiqur kimi ictimaiyyətə təqdim etmək istəyir”.

İqtisadçı-alim komitə sədrinin “inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəm” açıqlamasını düzgün saymır. Onun vurğulamasına görə, həm yerli və həm də beynəlxalq ekspertlər ümumi daxili məhsulun (ÜDM) böyük bir hissəsini “kölgə istisadiyyatı”nın təşkil etdiyini dəfələrlə bəyan ediblər:

“ Eyni zamanda, Azərbaycan idxaldan asılı ölkələrin siyahısındadırsa, deməli, “kölgə”-nin yaranmasında idxalın yüksək payı var. Bundan əlavə BMT-nin müvafiq strukturlarının statistik məlumatlarına görə, 2010-2015-ci illərdə Azərbaycanın idxal rəqəmləri ilə onların statistik rəqəmləri arasında fərqlər var. Yəni ölkəyə daha çox mal göndərilsə də, gömrük statistikasında az göstərilir. ”.

Nazim Bəydəmirli təklif edir ki, Azərbaycan üzərindən başqa ölkələrə mal göndərmək məsələsi araşdırılsın:

“ Rusiyadan gələn taxtanı hansı şirkət, hansı qiymətə rəsmiləşdirir, bunu araşdırsınlar. Rəqəmlər açıqlanmadığına, şəffaf olmadığına görə, bilmək olmur A şirkəti eyni malı hansı qiymətə gətirib, B şirkəti eyni mala görə, nə qədər ödəmə edib. Yəni inhisarçılığın forması dəyişib. Əvvəllər brokerlər gömrük orqanlarının həndəvərində və ya içərisində otururdularsa, prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin iclasında ciddi xəbərdarlıq edəndən sonra onların gömrük idarələrindən çıxarılması proseduru başladı. Bunu açıq göstərdilər ki, guya brokerlər olmur, birbaşa vətəndaşların, şirkətlərin özləri mallarını bəyan edəcəklər. Hazırda eyni malı A şirkəti bir qiymətə gətirir, B şirkəti başqa qiymətə. Onların rəsmiləşdirilməsində olan fərq inhisarçılığın yeni metodudur”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

​Naim Bəydəmirli daha sonra deyib:

“ Bildiyiniz kimi, idxal mallarının kodları var. Gömrük Məcəlləsinə, gömrük tariflərində də qeyd olunub - kodlara görə mala 5 faiz də tətbiq etmək olur, 10 faiz də, 15 faiz də. Hətta qaimədə, bəyannamədə yazılsa belə, Gömrük Komitəsinin əməkdaşları tətbiq edəndə kodu dəyişik tətbiq edirlər. İnhisarçı şirkətə gömrük rüsumunu 5 faizdən tətbiq edirlər, həmin kodla olan adi sahibkarın malını 10 faizlə, 15 faizlə. İnhisarçılığın yeni növləri bunlardır".

Nazim Bəydəmirli Səfər Mehdiyevin Nazirlər Kabinetinin qərarına uyğun olaraq daxili bazarı qorumalarına aid dediklərinə də münasibət bildirib:

“Klassik anlamda gömrük siyasəti daxil olmaqla fiskal siyasət (büdcə-vergi) həm də daxili bazarı qorumaq anlamına gəlir. Ancaq Azərbaycan reallığında belə deyil, əgər belə olardısa, marketlərdə satılan yerli malların artdığını müşahidə edərdiniz. Ayda 30 adda aldığım məhsulun çeklərini sosial şəbəkələrdə paylaşıram, onun 3-4-ü yerli istehsal adı ilə satılsa da, əslində xammalı xaricdən gəlir, qalanı ölkəyə idxal olunur. Ona görə daxili istehsalı artırırıq deyə qulağımıza xoş gələn sözləri cəmiyyətə təlqin etmək doğru deyil. Daxili istehsal artsaydı, vergilər xətti ilə toplanan əlavə dəyər vergisi artardı...”

Bu istiqamətdə bir sıra statistik rəqəmlər söyləyən iqtisadçı-alim daha sonra da bunları deyib:

“ Bütüb bunlar Səfər Mehdiyevin fikirlərini alt-üst edir. Yaxud daxili istehsal artsaydı, mənfəət vergisinin artımında üzə çıxardı, amma yoxdur”.

Nazim Bəydəmirli con bir ildə gömrükdən büdcəyə daxil olan vəsaitin artmasına da münasibət bildirib . O deyib ki,ötən ildən idxal-ixrac statistikasını Vergilər Nazirliyi aparır:

“ Əslində son ildəki gömrük vasitəsi ilə büdcəyə ödənişlərin artması əvvəlki illərdə gömrükçülər vasitəsi ilə büdcədən nə qədər rüsum və əlavə dəyər vergisinin (ƏDV) yayındırılmasını sübut edən faktdır. Normalda bu faktlar istintaqın araşdırma predmeti olmalı və dövlət büdcəsinə illər boyu ziyan vuranlar müəyyən edilməli, məsuliyyətə cəlb olunmalıdırlar. Bu baxımdan hörmətli Səfər Mehdiyevin arqumentlərinin heç birinin iqtisadi əsası yoxdur və populizmdən, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil. Gürcüstan illər öncə iqtisadi islahat apararkən ilk iş gömrüyü Maliyyə Naizrliyinə birləşdirməkdən keçib. Indiki halda qonşu ölkə sahibkarları gömrük əməkdaşları ilə təmasda belə olmurlar. Onlar bəyannamələrini elektron şəkildə sistemə köçürür, vergilərini ödəyirlər. İdxal olunan mal da sahibkarın birbaşa anbarına, yaxud alıcının ünvanına gedir. Ona görə Azərbaycanda şəffaf sistem yaratmağın yolu gömrüyün ləğvindən, onun vergiyığma funksiyasının Vergilər Nazirliyinə verilməsindən və komitənin xidmət sektoruna çevrilməsindən keçir. 2019-cu ildə Azərbaycan inhisarçılığı ləğv edib iqtisadiyyatda şəffalıq yaratmaq istəyirsə, bu yolu keçməlidir...”

Xatırlatma

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 27-də kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı Azərbaycanda inhisarçılıq olmadığını bəyan edib:

Səfər Mediyev
Səfər Mediyev

«Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir. Bu, mümkün olan şey deyil. Belə fakt varsa, birini göstərin. Azərbaycanda qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə, sərbəstdir», - deyə S.Mehdiyev vurğulayıb.

DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bildirib: «Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq… Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab prezident tərəfindən verilib».

Son illər Azərbaycanda gömrük komitəsinin ləğvi və onun səlahiyyətlərinin başqa qurumlara verilməsi ilə bağlı bir neçə dəfə təkilflər səslənib. Hələ bu ilin əvvəlində Dövlət Gömrük Komitəsinin o vaxtkı sədri, Aydın Əliyev ( 2018-ci il aprelin 23-də bu vəzifədən çıxarılıb) bununla bağlı belə demişdi:

“Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərliyi də gömrükdə rüşvətxorluq və inhisarçılığın olması ilə bağlı fikirləri əsassız sayırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG