Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Qazaxıstanda Nazarbayevin istefasını tələb edən aksiyalar keçirilir (VIDEO)


Polis ölkənin avtoritar prezidenti Nursultan Nazarbayevin hakim partiyasının qərargahları qarşısında etiraz edən aksiyaçılardan bir neçəsini saxlayıb
Polis ölkənin avtoritar prezidenti Nursultan Nazarbayevin hakim partiyasının qərargahları qarşısında etiraz edən aksiyaçılardan bir neçəsini saxlayıb

Qazaxıstanda polis ölkənin avtoritar prezidenti Nursultan Nazarbayevin hakim partiyasının qərargahları qarşısında etiraz edən aksiyaçılardan bir neçəsini saxlayıb.

Fevralın 27-də onlarca etirazçı Nur Otan partiyasının paytaxt Astanadakı və ölkənin ikinci şəhəri Almatıdakı qərargahlarının qarşısında keçirdikləri aksiyada prezidentin istefasını tələb edirdilər.

Etirazçılar hökuməti adi adamların və ailələrin tələb və ehtiyaclarına laqeydlikdə günahlandırırdılar.

Son həftələrdə bütün Qazaxıstan boyunca etiraz aksiyaları keçirilib. Buna səbəb fevralın 4-də Astanada bir müvəqqəti yaşayış evində baş vermiş yanğında 5 uşağın ölməsi idi.

Yanğın sübhün erkən saatlarında baş vermişdi və bu vaxt uşaqların valideynləri işdə idilər.

Habelə fevralın 27-də ölkənin cənub-qərbindəki Janaözen şəhərində polis fevralın 9-dan bəri etiraz edən yerli sakinlərin aksiyası barədə reportaj hazırlayan AzadlıqRadiosunun iki aməkdaşını saxlayıb.

Müxbirlərdən biri - Sania Toiken telefonla AzadlıqRadiosuna bildirib ki, polis ona və operator Sanat Nurbekə qarşı zor tətbiq edərək onları maşına oturdub.

Onları polis məntəqəsində ayrı-ayrılıqda sorğu-sual ediblər.

Onları sərbəst buraxmazdan əvvəl polis müxbirlərə deyib ki, onları yerli sakinlərdən birinin şikayəti əsasında saxlayıblar.

Polisin sözlərinə görə bu sakin “narahat idi ki, burada AzadlıqRadiosu müxbirlərinin olması şəhərdə ictimai asayişin pozulmasına səbəb ola bilər”.

İnsan haqları fəalları bildirirlər ki, keçmiş sovet respublikalarında hakimiyyətlər “adi vətəndaşların şikayətlərindən” həbs üçün əsas kimi istifadə edirlər.

Toiken bildirib ki, polis onun telefonunu alıb və sərbəst buraxılarkən qaytarıb. Lakin telefon artıq sındırılmışdı.

78 yaşlı Nazarbayev 1991-ci ildən bəri hakimiyyətdədir və gələn il daha bir müddətə prezident seçilmək niyyətində olduğunu bəyan edib.

O özünün Nur Otan partiyasının qurultayında deyib ki, aşağı gəlirli ailələrə yardım göstərilməsi üçün büdcədən 790 milyon dollar vəsait ayrılacaq.

O habelə bildirib ki, qarşıdan gələn 3 ildə dövlət sektoru maaşlarının artırılması üçün 980 milyard tenge (2, 6 milyard dollar) xərclənəcək.

İnsan haqları fəlları bildirirlər ki, Nazarbayev hakimiyyətini qeyri-demokratik seçki və referendumlar vasitəsilə uzatmaq üçün ölkədə fərqli düşüncəni boğur, potensial opponentlərinə qarşı hakimiyyətin gücündən istifadə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG