Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:29

Nazarbayev Putini ‘Nazarbayev ordeni’ ilə təltif etdi


Vladimir Putin (solda) və Nursultan Nazarbayev (Foto arxivdəndir)
Vladimir Putin (solda) və Nursultan Nazarbayev (Foto arxivdəndir)

Qazaxıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin “Nursultan Nazarbayev” ordeni ilə təltif olunub.

Bu barədə xəbəri Rusiyanın Interfax agentliyi yayıb.

Orden Putinə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı verilib.

Öz adını daşıyan ordeni Putinin yaxasına taxarkən Nazarbayev deyib ki, Rusiya prezidenti bu mükafata iki ölkə arasında “əməkdaşlığın genişlənməsi və dərinləşməsinə verdiyi şəxsi töhfəyə” görə layiq görülüb.

Ordeni aldıqdan sonra Putin Nazarbayevə təşəkkürünü bildirib və deyib ki, vəzifəsini tərk etməsinə baxmayaraq onunla əməkdaşlığı davam etdirəcəyinə əmindir.

Bu görüş Avrasiya İqtisadi İttifaqının 5 illiyinə həsr olunmuş mərasim zamanı yer alıb.

Mayın 29-da Nur-Sultan şəhərində Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrin – Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Belarusun liderləri görüşəcəklər.

Nazarbayev ordeni təqdim edərkən deyib:

"Biz üçümüz – siz, mən və Lukashenka beş il bundan əvvəl bu ittifaq barədə sazişi imzaladıq və onu yaratdıq. Bundan 25 il əvvəl mən bu ideyanı MDU-da səsləndirmişdim. Çox vaxt keçdi, amma ideya var idi, yəqin ki, yaxşı ideya idi və biz onu həyata keçirdik”.

Xəbər verilir ki, Nazarbayev mayın 28-də öz adına olan ordendən Avrasiya İttifaqının başqa liderlərinə də verib.

Nursultan Nazarbayev (solda) Qırğızıstan prezidenti Sooronbay Jeenbekovu təltif edir
Nursultan Nazarbayev (solda) Qırğızıstan prezidenti Sooronbay Jeenbekovu təltif edir

Avrasiya İttifaqının yaradılmasına dair müqavilə 2014-cü ildə imzalanıb.

Ukraynanın keçmiş prezidenti Vyktor Yanukovych-in gömrük ittifaqına daxil olmaq barədə müqaviləni imzalaması və Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina etməsi 2013-cü ilin sonunda Ukraynada geniş etirazlara səbəb olmuşdu. Yanukovych bu etiraz dalğası ilə 2014-cü ildə devrilmiş və ölkədən qaçmışdı.

Avrasiya İttifaqı yarandığı andan müxtəlif ölkələrlə azad ticarət sazişləri imzalayır.

2015-ci ildə belə bir müqavilə Vyetnamla imzalanıb.

Bu ay İran və Çinlə də müvəqqəti sazişlərin imzalandığı xəbər verilirdi.

Vladimir Putinin “Nazarbayev” ordeninə gəlincə isə, bu, onun layiq görüldüyü ilk xarici mükafat deyil.

O indiyədək Venesuela, Kuba, Belarus, Özbəkistan və Tacikistanın ordenləri ilə təltif edilib.

Rusiya liderinə habelə Fransanın ən yüksək mükafatı - Fəxri Legion Ordeni də verilib.

XS
SM
MD
LG