Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Fələstinli imamın oğlu Salvador prezidenti oldu


Nayib Bukele tərəfdarlarının təbriklərini qəbul edir
Nayib Bukele tərəfdarlarının təbriklərini qəbul edir

Salvadorda fevralın 3-də keçirilən prezident seçkisində Fələstin mənşəli imamın 37 yaşlı oğlu Nayib Bukele gözlənilmədən qalib olub.

O əvvəllər Farabunda Marti adına sosialist milli azadlıq cəbhəsi təşkilatından “mütərəqqi ideallara xəyanət etdiyinə” görə qovulub.

Nayib Armando Bukele Ortes – paytaxt San-Salvadorun keçmiş meridir və cavanlar arasında populyarlıq və hörmətə malikdir.

Onun fevralın 3-də keçirilən seçkidə qalib gəlməsi ilə ölkədə son otuz ildə davam edən ikipartiyalı sistemə son qoyulur. İndiyədək ölkəyə bir birinə düşmən olan ifrat sağçılar, ya da ifrat solçular rəhbərlik edirdilər.

Beləliklə artıq fevralın 3-də Mərkəzi Seçki Komissiyası onun səslərin 54 faizini qazandığını elan etdikdən dərhal sonra, Bukele Morasan meydanına yığılmış tərəfdarlarının qarşısına daimi geyimində - sürtülmüş cins şalvarında və dəri gödəkçəsində çıxıb.

Hələ 6-7 il bundan əvvələ qədər Nayib Bukele yerli siyasətdə təzə bir fiqur idi. O “imkanlı nəcib bir ailədən çıxmış yaxşı oğlan” kimi tanınırdı. Amma digər tərəfdən o artıq həm də çox məşhur və zəngin biznesmen ola bilmişdi.

Onun əslən Fələstinli atası yerli müsəlman icmasında çox nüfuzlu bir ruhani sayılır. 6 milyonluq ölkədə 100 minlik müsəlman icmasının əksəriyyətini elə Fələstin qaçqınları təşkil edir.

18 yaşı olanda Nayib artıq öz şirkətinə rəhbərlik edirdi. İndi onun bir neçə şirkəti var. Bu şirkətlərdən biri də Salvadorda Yaponiyanın Yamaha şirkətinin mallarının satışı ilə məşğuldur.

Siyasət meydanına gəldikdə isə Nayib Bukele əvvəlcə Farabunda Marti adına sosialist milli azadlıq cəbhəsinə (FMLN) qoşulub.Salvadorun iki ən əsas siyasi partiyasından biri olan bu təşkilat açıq solçu siyasət yürüdür. Bu partiya 1979-cu ildən 1992-ci ilədək davam edən vətəndaş müharibəsində qarşı duran tərəflərdən biri idi.

Bukele 2012-ci ildə kənd bələdiyyələrinin birindən deputat seçilmişdi. 2015-ci ildə o artıq açıq sağçı və millətçi respublikaçı alyansın namizədinə qalib gələrək paytaxt San-Salvadorun meri seçilmişdi.

Lakin 2017-ci ilin sonlarında FMLN-də qalmaqal baş vermişdi. Partiyanın vaxtilə SSRİ-də təhsil almış və özlərini “əsl marksist” hesab edən və Bukeleni lap əvvəldən “yad ünsür” sayan köhnə kommunist üzvləri ona qarşı bir neçə açıq ittiham irəli sürmüşdülər.

Gənc siyasətçini burjuasayağı davranışda, dikbaşlıqda, fraksiyaçılığa və təfriqəçilyə meyllənməkdə, “mütərəqqi ideallara” xəyanətdə və ən başlıcası partiyanın liderlərinə böhtan atmaqda ittiham edirdilər. Bukele partiya rəhbərliyinin korrupsiya və qohumbazlığa qurşanmasını həqiqətən də tənqid edirdi.

FMLN-nin üzvlüyündən xaric edildikdən sonra Bukele müstəqil namizəd kimi prezident seçkisinə qoşulmağı qərarlaşdırır. Məhz bundan sonra o həm ifrat solçuların, həm də ifrat sağçıların əlaqələndirilmiş hücumlarına məruz qalmağa başlayır.

Onun kampaniya ərzində çıxış etməsinə, kütləvi informasiya vasitələrində təşviqat aparmasına mane olur, ölümlə hədələyirdilər.

Lakin o nəticədə mühafizəklar sol-mərkəzçi Geniş hərəkatının milli birlik uğrunda mübarizə aparan sağ-mərkəzçi qanadının dəstəyini qazana bilmişdi.

Reallıqda isə Bukele daim müstəqil hərəkət edirdi. O istər öz imici, istərsə də parlaq obrazı, təhsilə investisiyaların artırılacağını, total rüşvətxorluqla mübarizə aparılacağını və ən başlıcası, ölkəni çulğalamış quldur zorakılığına və kriminal mədəniyyətə qarşı çıxacağını vəd etməklə tərəfdarlarının sayını artırmaqda davam edirdi.

Salvador hələ də odlu silahdan istifadə edilməklə küçə qətllərinin sayına görə dünyada ilk yerlərdən birini tutur. Bu ölkədə hər 100 min nəfərə 103 qətl qurbanı düşür.

Fevralın 3-də keçirilən prezident seçkisində onun rəqibləri - Milli Respublikaçı Alyansdan (ARENA) Carlos Calleja və FMLN-dən olan Hugo Martinez müvafiq olaraq səslərin yalnız 32 və 14 faizini toplaya bilmişdilər və Bukelenin qələbəsini dərhal qəbul ediblər.

MSK-nın verdiyi məlumata görə seçkidə 5, 2 milyon seçici iştirak edib. Bir çox seçki məntəqələrində fəallar uzun növbələri quldurlardan qorumaq üçün təşkilatlanmışdılar. Hərçənd məntəqələri 23 min polis və 15 min əsgər mühafizə edirdi.

Bir sıra yerli və xarici analitiklər deyirlər ki, bir-biri ilə didişən iki siyasi qüvvənin hegemonluğundan bezən salvadorluların əksəriyyəti Bukeleye səs verib.

Salvadorlular xüsusilə də son illərdə özlərini tamamilə müdafiəsiz hiss edirlər. Ölkədə, hətta ABŞ-da və Qərbi Avropada ad çıxarmış Mara Salvatrucha (Salvadorun sərgərdan qarışqaları) adlı qruplaşmanın 70 min üzvü var. Onlardan yalnız 17 mini həbsxanalardadır. Salvador əhalisinin 30 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Yeni dövlət başçısının qarşısında duran ilkin problemlərdən biri də heç şübhəsiz ABŞ-a qanunsuz miqrasiyanın azaldılması olacaq.

Prezident Donald Trump miqrant axının qarşısını ala bilməyən Mərkəzi Amerika ölkələrinə yardımı dayandıracağı ilə hədələyib.

Təkcə 2018-ci ilin dekabrında balaca Salvadorun 3 min vətəndaşı ABŞ-a üz tutan karvana qoşulub. Adamlar bir qayda olaraq yoxsulluqdan qaçırlar. Ölkənin xarici borcu 9, 5 milyard dolları keçib.

XS
SM
MD
LG