Azərbaycan xəbərləri
Azərbaycan Naxçıvanda mövqelərinin vurulduğunu deyir
Azərbaycan Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələri onun Şərur, Ordubad və Şahbuz rayonlarının bəzi yaşayış məntəqələri istiqamətlərində mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", - məlumatda əlavə edilib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib.
Son aylar Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılmırdı. Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma bu il sərhədlərin müəyyən edilməsi ilə bağlı iki ölkə arasında birbaşa danışıqlar gedib və müəyyən razılaşmaların da olduğu bildirilir. Danışıqlarda sərhədlərin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında müəyyən ediləcəyi bildirilir.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.
Ardınca da Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etdi. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirdi.
Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Bütün xəbərləri izləyin
Gələn ilin büdcəsi: Vergi yığımları 9 faiz artacaq
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin proqnozuna görə, 2027-ci ildə büdcə gəlirləri bu illə müqayisədə 1.6 faiz, xərcləri isə 1.7 faiz artacaq.
Dövlət büdcəsi gəlirlərinin 39.5 faizinin neft-qaz, 60.5 faizinin isə qeyri-neft-qaz sektoru hesabına formalaşacağı gözlənilir.
Vergi daxilolmaları artmalıdır
Gələn ilin büdcə layihələrində də, bu il olduğu kimi, vergi yığımlarının artacağı görünür: "2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat (9 faiz), 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74.8 milyon manat (12.7 faiz) çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80.6 faizi (14 milyard 850 milyon manat) qeyri-neft-qaz sektorunun, 19.4 faizi (3 milyard 580 milyon manat) neft-qaz sektorunun payına düşür".
Bu ildən Azərbaycanda özəl sektorda 7 illik güzəşt müddəti başa çatıb və bu sahədə çalışanların əməkhaqları yenidən gəlir vergisinə cəlb olunub. Üstəlik, bu vergi 2027–2028-ci illərdə mərhələli şəkildə artacaq.
Neftin büdcə qiyməti dəyişməz qaldı
Gələn ilin icmal və dövlət büdcəsi layihələrində "Azeri Light" markalı neftin bir barelinin qiyməti, ötən il olduğu kimi, 65 ABŞ dolları səviyyəsində saxlanılıb. Müqayisə üçün, bu ilin birinci yarısında ölkənin ixrac etdiyi neftin real orta qiyməti proqnozlaşdırılandan xeyli yüksək – 94.5 ABŞ dolları olub.
Bu il qlobal bazarda neftin bahalaşması bir sıra münaqişələrin gərginləşməsi və Hörmüz boğazının bağlanması ilə izah olunur. Qiymətlərin yüksəlməsinin əksinə olaraq, son illərdə Azərbaycanda neft hasilatı davamlı şəkildə aşağı düşür. 2009-cu ildə ölkədə 50 milyon ton neft hasil edildiyi halda, ötən il bu göstərici 28 milyon tona qədər geriləyib.
SOCAR Kot-d'İvuarda da dənizdən neft çıxaracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın "Eni S.p.A." şirkəti ilə Kot-d'İvuar-da yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payının alınması prosesini yekunlaşdırıb.
Bu barədə sentyabrın 16-da SOCAR məlumat yayıb.
Bununla da "Baleine" layihəsində tərəfdaşların iştirak payları növbəti şəkildə bölüşdürülüb: "Eni" – 37.25 faiz, "Vitol" – 30 faiz, "Petroci" – 22.75 faiz və SOCAR – 10 faiz.
22 yanvar
SOCAR Kot-d'İvuarda neft-qaz layihəsində 10 faiz pay alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.
Bu barədə qurum özü məlumat yayıb.
Sənədi Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi imzalayıb.
Məlumatda bildirilir ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən bu neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Azərbaycanda isə "qara qızıl" azalır
Azərbaycanın özündə isə neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
SOCAR-ın borc öhdəlikləri ilə bağlı son rəqəmlər açıqlanmayıb. Amma 2025-ci ilin əvvəlində uzunmüddətli borc öhdəlikləri 16.5 milyard manat təşkil edib (öhdəliklərdə artım var).
Şirkətin işçilərinin sayında ümumən azalma var. 2025-ci il yanvarın 1-də SOCAR üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib. Ondan əvvəlki 10 il ilə müqayisədə şirkətdə 6 min 645 ştat azalıb.
Yardımlı icra başçısı işdən çıxarıldı, rayonda əməliyyat olub
Sentyabrın 15-də prezident İlham Əliyev Ayaz Əsgərovu Yardımlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin sərəncamında bunun səbəbi açıqlanmayıb.
Amma elə həmin gün yerli mediada Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin aprel ayında bu qurumda anti-korrupsiya əməliyyatı keçirməsi ilə bağlı məlumat yayılıb.
Məlumata görə, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.
Məhkəmənin qərarı ilə onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
Amma onların nədə ittiham edildiyi açıqlanmır. Məsələyə sözügedən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
A.Əsgərov 10 il idi Yardımlı rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi. O, daha əvvəl Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb. Ondan işdən çıxarılmasına münasibət almaq mümkün olmayıb.
Son illər Azərbaycanın bir çox rayon icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirilib. Hətta bir çox başçılar həbs edilib.
İcra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.
'Çevik' həbs olunub
Sosial mediada dini mövzuda mübahisəli çıxışları ilə tanınan "Çevik" ləqəbli bloqer Məqsəd Bağırov həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan bloqer barəsində Səbail rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
31 yaşlı Bağırova Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.
Bloqer sentyabrın 2-də yaşadığı Qəbələ rayonunda döyülmüş və xəstəxanaya yerləşdirilmişdi. Onu döyməkdə ittiham olunan Kamran Bilalovu da DTX əməkdaşları saxlayıb. Bilalov isə CM-nin 283.2.1 (dini nifrət və ya düşmənçiliyin salınması, zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
"Çevik" iyulun sonunda da inzibati qaydada 10 sutka həbs olunmuşdu. O zaman o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib. Sözügedən maddə internetdə cəmiyyətə hörmətsizlik edən və əxlaq qaydalarını pozan şəxsləri cəzalandırmağı nəzərdə tutur. Bura internet vasitəsilə açıq şəkildə söyüş söymək, nalayiq jestlər etmək və ya bədənini milli dəyərlərə zidd formada nümayiş etdirmək daxildir.
İddialara görə, Bağırov TikTok-da canlı yayım zamanı Qarabağ döyüşlərində həlak olmuş şəxslərdən birinin ailə üzvünü təhqir edib.
Bloqerin özü də Qarabağ döyüşlərinin iştirakçısı olub.
Hazırda onun ittiham olunduğu CM-in 283.1 maddəsinin sanksiyasında 8 min manatdan 12 min manatadək cərimə və ya 2 ilədək islah işləri, yaxud da 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycan nefti büdcə proqnozunu 30 dollar üstələyib
2026-cı ilin ilk 6 ayında Azərbaycanın reallaşmış neftinin orta qiyməti 94.5 ABŞ dolları/barel təşkil edib.
Ölkənin yerli saytlarının məlumatına görə, bunu sentyabrın 15-də Mərkəzi Bankın (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıb.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycan qazının 1000 kubmetrinin orta reallaşmış qiyməti isə 313 ABŞ dolları olub.
Vurğulanıb ki, qazın orta qiyməti də ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz yüksəlib.
2026-cı ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin ixrac qiyməti 65 ABŞ dolları götürülüb. Demək, real qiymət proqnozu 45.4 faiz üstələyib.
Bu il dünyada neftin bahalaşması bir sıra münaqişələrin gərginləşməsi və Hörmüz boğazının bağlanması ilə izah edilir. Neftin qiymətindən fərqli olaraq hasilatı isə son illər azalır. 2009-cu ildə Azərbaycanda 50 milyon ton neft hasil edilib. Ötən il bu rəqəm 28 milyon tona düşmüşdü.
Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib
Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd kimi ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Murad Aslanov baxmalıdır.
İş üzrə R.Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir.
R.Mehdiyev Azərbaycan hakimiyyətində uzun illər ən yüksək vəzifələrdən birini tutub. O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Mehdiyev barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Onun ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb.
Onun və köməkçisinin ittihamlara münasibəti ictimaiyyətə bəlli deyil.
Xatırlatma
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında R.Mehdiyev ilə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi.
DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib.
AXCP sədri Ə.Kərimli və partiyanın Məclis üzvü M.İbrahim də 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Ə.Kərimli və M.İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamı qəbul etmirlər, işi qurama, siyasi sayırlar.
Onlarla bağlı işin tamamlanıb-tamamlanmadığını dəqiqləşdirmək mümkün olmayıb.
Bakının azad olunmasından 108 il keçir
Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 108 il keçir.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda "Sentrokaspi" hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti başçılıq edib. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra müstəmləkə altında olan xalqlar azadlıqlarına qovuşmağa başlamışdı.
Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi. Azərbaycan Cümhuriyyəti Tbilisidə elan edilmiş, oradan da Gəncəyə köçürülmüşdü.
Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı təkrar işğal etdiyindən cümhuriyyət devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub. Arada Azərbaycan Sovet Sosialist Respublikası SSRİ tərkibində olub.
Müstəqil tarixçilər hesab edirlər ki, o vaxt Azərbaycan reallıqda işğal altında idi.
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb
Yeni tədris ilində Azərbaycanda 2.2 milyon nəfər təhsil alacaq.
Ölkənin yerli saytlarının məlumatına görə, bunu bu gün, sentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, onlardan 1.6 milyon nəfəri ümumi, 260 mini ali, 226 mini isə məktəbəqədər təhsil müəssisələrində oxuyacaq.
Əmrullayev bu il 124 min şagirdin birinci sinfə qəbul olunacağını qeyd edib.
Sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır.
2020-ci il sentyabrın 15-də Azərbaycanda 165 mindən çox uşağın birinci sinfə qədəm qoyacağı açıqlanmışdı.
Son illər Azərbaycanda doğuşların sayında ciddi azalma qeydə alınır. Ekspertlər bu vəziyyəti bir neçə səbəblə əlaqələndirirlər. Onların sözlərinə görə, bu tendensiya, demək olar ki, bütün dünyada yayılıb və əsasən ailə planlamasının nəticəsidir.
Digər tərəfdən, mütəxəssislər hesab edirlər ki, ailələrin maddi və sosial qayğıları da azalmada az rol oynamır. Ekspertlər xatırladırlar ki, 2006-cı ildən Azərbaycanda ünvanlı sosial yardımın tətbiqi ilə uşaqların aylıq müavinətləri ləğv edilib.
Naxçıvanda inflyasiya yüksək, əməkhaqqı azdır
Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycanın qalan əraziləri ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) daha çox artıb, amma inflyasiya da yüksəkdir, əvəzində orta aylıq nominal əməkhaqqı azdır.
Naxçıvan MR Dövlət Statistika Komitəsinin (DSK) bu gün, sentyabrın 14-də açıqlanan son aylıq hesabatının təhlili bu nəticəni ortaya çıxarıb.
Hesabata görə, bu ilin avqustunda ötən ilin eyni ayı ilə müqayisədə MR-də ÜDM 2.2 faiz artıb. Bütünlükdə Azərbaycanda bu artım həmin dövrdə 1.2 faiz olub.
Əvəzində muxtar respublikada inflyasiya 9.1 faizə yüksəlib. Bütünlükdə Azərbaycanda isə bu rəqəm 5.7 faiz təşkil edib.
Naxçıvanda orta aylıq əməkhaqqının həcmi isə azdır. İyulun sonunda (avqust açıqlanmayıb) bu, 869.4 manat olub. Bütünlükdə Azərbaycanda isə həmin ay orta aylıq əməkhaqqı 1176.7 manata yüksəlib.
Son rəsmi məlumatlara görə, Naxçıvan MR-nın 473 mindən çox əhalisi var.
MR DSK məlumatına görə, 2025-ci ilin sonunda Muxtar Respublikada rəsmi işsiz statusunda qeydiyyata alınan şəxslərin sayı 14 min 504 nəfərə çatıb. Amma yerli sakinlər deyir ki, MR-də real işsizlər daha çoxdur. Onların sözlərinə görə, MR-in bir çox sakini çörəkpulu ardınca qonşu Türkiyəyə üz tutublar.
Xatırlatma
1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun dörd il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
Bakı metropoliteninin "Qırmızı" xətti üzrə qatarların hərəkəti qrafik üzrə intervallara uyğun təmin olunub.
Bu barədə məlumatı saat 10:20 radələrində 'Bakı Metropoliteni' QSC yayıb.
+++
Bu gün, sentyabrın 14-ü səhər saatlarında Bakı metrosunun bütün istiqamətlərində qatarların hərəkətində problem yaranıb.
Bir çox şahidlərin sözlərinə görə, qatarların hərəkəti 15, digərlərinə görə isə daha çox dayanıb. Bir şahidin vurğulamasına görə, "İçərişəhər" və "Sahil" stansiyalarının arasında sərnişinlər 30 dəqiqədən çox tuneldə qalıb. "Bəzi sərnişinlərin səhhəti pisləşib, təşviş yaranıb", - adının çəkilməsini istəməyən paytaxt sakini deyib.
Şahidlər həmçinin "Qara Qarayev" stansiyasına girişin dayandırıldığını bildiriblər. Bəzi stansiyalarda isə sərnişinlərin qatarlardan düşürüldüyü qeyd olunur.
Yerli saytların məlumatına görə, "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində "Qırmızı" xətt üzrə interval bərpa olunacaq: ""Yaşıl" və "Bənövşəyi" xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir, hər hansı təhlükəli və ya ciddi narahatlıq doğuran məsələ yoxdur".
Bakı metrosunda bundan əvvəl də belə hallar yaşanıb. Elə sonuncu dəfə bu il aprelin 21-də Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Onda açıqlandı ki, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində texniki nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirildi. Metronun fəaliyyəti yalnız saatlar sonra tam bərpa edildi.
Onda bəzi ekspertlər deyirdilər ki, metropolitenin texniki təminatında şəffaflıq yetərincə deyil. Vaqonların alışında, təmir, yenidənqurma işlərində bütün bilgilər ictimaiyyətə çatdırılmır. Mütəxəssislər vurğulayırdılar ki, bu cür texniki qəzaların kökündə korrupsiya kimi ciddi amillərin dayanıb-dayanmadığı araşdırılmalıdır.
Azərbaycan sənayesi geri gedir
Azərbaycan sənayesində azalma var.
Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 11-də açıqladığı məlumata görə, sənaye sektorunda 2026-cı ilin yanvar-avqust aylarında 44.6 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0.4 faiz az məhsul istehsal edilib.
Bununla belə, komitə vurğulayır ki, 2026-cı ilin səkkiz ayında emal sənayesində 14 milyard 912.1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz çoxdur.
İqtisadçılar ölkə sənayesində azalmanı əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə izah edirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb. Halbuki, 2009-cu ildə bu göstərici 50 milyon təşkil etmişdi.
Azərbaycan iqtisadiyyatında böyümə yenə yavaşladı
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709.5 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi (DSK) bu gün, sentyabrın 9-da açıqlayıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1.2 faiz çoxdur.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2.1 faiz artıb.
Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181.9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 61 milyard 527.6 milyon manatlıq ÜDM formalaşıb.
DSK-nın bundan əvvəlki aylıq hesabatlarının təhlili göstərir ki, ölkə iqtisadiyyatında az da olsa böyümə yenidən kiçilməyə başlayıb. İyulun sonunda bu artım 1.4 faiz, mayda 0, yanvarda isə 1.7 faiz açıqlanmışdı.
Müstəqil iqtisadçılar 1 faiz civarında dəyişən artımı heç iqtisadi inkişaf saymırlar. Hələ may ayında artım tamamilə dayanarkən rəsmilər bunu bəzi dövlət proqramlarının icrasının dondurulması ilə izah etmişdilər. Onlar vurğulayırdılar ki, qarşıdakı aylarda yenidən artım bərpa ediləcək.
ÜDM ilə bağlı son göstəriciyə rəsmilərdən hər hansı münasibət bildirilməyib.
Müstəqil iqtisadçılar isə bu il Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında gərginliyin artması ilə neftin kəskin bahalaşması fonunda Azərbaycanda iqtisadiyyatın böyüməməsini böhran siqnalı kimi dəyərləndirirdilər. Onlar vurğulayırlar ki, ölkədə əsas ixrac məhsulu olan neft hasilatı azalıb, qeyri-neft sektorunda isə yetərli inkişaf əldə edilməyib.
Azərbaycan-Avropa İttifaqı danışıqları Bakıda davam edib
Azərbaycan- Avropa İttifaqı (Aİ) münasibətlərinin institusional və hüquqi çərçivəsinin inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir ki, sentyabrın 10-da naziri Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Açıqlamaya görə, Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər nəzərdən keçirilib.
"Görüş zamanı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib", - əlavə edilir.
Azərbaycan və Ermənistan arasında 30 illik münaqişədən sonra ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddialara son qoyulmasını vacib sayırlar.
Bundan sonra iki ölkə arasında yükdaşımaları başlayıb.
Xatırlatma
Azərbaycan Aİ ilə əməkdaşlığını 2009-cu ildə təsis olunmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində davam etdirib. Proqramın digər üzvləri olan Ukrayna, Moldova və Gürcüstan artıq namizəd statusu qazansa da, Tbilisinin inteqrasiya prosesi mübahisəli qanunlar və seçki gərginliyi səbəbindən dayandırılıb. Belarus proqramdakı iştirakını dondurub, Ermənistan isə illər əvvəl hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildən bəri davam edən danışıqlar isə hələ başa çatmayıb.
Son vaxtlar Azərbaycanda ictimai fəallar tez-tez Aİ rəhbərliyini Azərbaycan hökuməti ilə təmaslarda insan haqları ilə bağlı problemləri də qaldırmağa səsləyirlər.
Azərbaycanda muzdla işləyənlərin sayı azalmaqda davam edir: 27 min
Azərbaycanda muzdla çalışan işçilərin sayında azalma davam edir. Bu, Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarının təhlili zamanı üzə çıxıb.
DSK bu gün, sentyabrın 10-da açıqlayıb ki, 2026-cı il avqustun 1-i ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 781 min 100 nəfər olub. Onlardan 836.9 mini dövlət sektorunda, 944.2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ölkədə muzdla işləyənlərin sayı iyulun əvvəlində 1 milyon 787 min 400, ilin əvvəlində isə 1 milyon 808 min təqdim edilmişdi.
Aylıq hesabatların təhlili göstərir ki, bu ilin yeddi ayında ölkədə rəsmi işçilərin sayı 27 minə yaxın azalıb. Amma azalma dövlət sektorunda daha çoxdur, 29 minə yaxın. Qeyri dövlət sektorunda 2 min civarında artım var.
Xatırlatma
Son illər Azərbaycanda bir sıra dövlət qurumları ya ləğv edilir, yaxud da bir-birləri ilə birləşdirilir. Rəsmilər bu addımları idarəetmənin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılması ilə izah edir. Amma müstəqil iqtisadçılar da hesab edir ki, hökumət neft hasilatı azaldıqca, xərcləri azaltmaq siyasəti yeridir. Son illər Azərbaycan Dövlət Neft Şirkətinin ( SOCAR) özünün də işçiləri azalıb.
Amma hökumət deyir ki, ölkədə məşğul əhali 5 milyondan çoxdur. Son illər rəsmilər, bir qayda olaraq, "iqtisadiyyatın ağardılması"ndan danışsa da, muzdla işçilərin sayında bu özünü göstərmir.
Şəkidə iki nəfərin öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb
Şəkinin Baş Küngüt kəndi ərazisindəki "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü B.U.A. və 1995-ci il təvəllüdlü M.C.C. "Zipline" əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal qurğu əyilərək formasını itirdiyi üçün əsas mexanizm kanatdan çıxıb və təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxsin hündürlükdən yerə düşərək hadisə yerindəcə həyatını itirdiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Rəsmi açıqlamaya sözügedən istirahət mərkəzinin rəhbərliyi və həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
9 sentyabr
FHN ölümə səbəb olan qurğunun onun nəzarətində olmadığını bildirib. Suallar açıq qalır
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayonunda ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib.
Qurumdan APA-nın sorğusuna cavab olaraq deyilib: "Mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil. Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Bu açıqlamaya, hələlik, istirahət mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
FHN-in açıqlamasında onun nəzarət etmədiyi bir qurğunun istirahət mərkəzində quraşdırılmasına və istifadəsinə görə hansı qurumun konkret məsuliyyət daşıdığından bəhs edilmir. Hələlik, ölümlərlə bağlı hər hansı başqa versiya da səslənmir.
Üstəlik, istirahət mərkəzlərində texniki təhlükəsizlik məsələlərinin vaxtaşırı gözdən keçirilib-keçirilmədiyi sualı da açıq qalır.
8 sentyabr
Şəkidə kanatın trosu qırılıb, iki nəfər ölüb
Sentyabrın 8-də Şəki rayonundakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə olub, iki nəfər ölüb.
İlkin məlumata görə, mərkəzdəki əyləncə qurğusunda texniki nasazlıq baş verib və iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hələlik məsələyə istirahət mərkəzinin rəhbərliyindən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu, ölkədəki istirahət yerlərində baş verən ilk belə hadisə deyil. Əvvəllər də oxşar qəzalarda ölənlər olub.
Digər tərəfdən, bəzi ekspertlərin qənaətinə görə, istintaq zamanı faciəni doğuran real səbəblərin üstündən çox vaxt sükutla keçilir.
Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarını bərpa edir
Qazaxıstan Azərbaycana Kurık-Bakı-Kurık bərə xətti üzrə sərnişindaşımaların bərpasını təklif edib. Azərbaycan bu təşəbbüsü dəstəkləyib. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib. Hazırda iki ölkənin nəqliyyat qurumları əlaqənin bərpası üzərində işləyirlər.
2020-ci ilədək bu marşrut üzrə sərnişindaşımalar həyata keçirilib. Koronavirus pandemiyasına görə həmin il daşımalar dayandırılıb. Xətt bağlanmazdan əvvəl Xəzər dənizi üzərindən hər il təxminən 1500 sərnişin bərələrdən istifadə edirdi.
Bayel deyib ki, daşımaların bərpası Qazaxıstanla Azərbaycan arasında turist mübadiləsini artırmalıdır. Çindən Avropaya Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən uzanan nəqliyyat marşrutu olan Orta Dəhlizin də imkanları genişlənməlidir.
Hazırda Bakı ilə Astana, Almatı, Şımkent, Aktau və Atırau arasında 37 aviareys həyata keçirilir.
Qazaxıstanla Azərbaycan arasında bərə əlaqəsi pandemiyadan əvvəl də mövcud olub. O vaxt bərələr əsasən yük daşıyır, sabit cədvəl üzrə hərəkət etmir, kifayət qədər yük toplandıqdan sonra yola düşürdü. Sərnişin daşınması isə ikinci dərəcəli sayılırdı.