►Milli Azərbaycan Tarixi Muzeyində Sankt-Peterburqda aşkar olunmuş Naxçıvan bayraqlarına dair kitabın təqdimatı keçiriləcək.
Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Tarixi Muzeyində yenicə çapdan çıxmış “Naxçıvan bayraqları” adlı kitabın təqdimatı keçiriləcək.
Muzeydən AzadlıqRadiosuna verilən xəbərə görə, kitabın müəllifi muzeyin əməkdaşı Pərvin Gözəlovdur.
Kitabda XVIII – XIX əsrin əvvəllərində mövcud olmuş Naxçıvan xanlığının dövlət və döyüş bayraqları haqqında məlumat verilir.
Pərvin Gözəlovun bu ilin mayında Rusiya Federasiyasının müxtəlif muzeylərdə apardığı araşdırmalar nəticəsində aşkar etdiyi bayraqlar Azərbaycan dövlətçilik tarixini yeni faktlarla zənginləşdirib.
Kitabda Dövlət Ermitajında (Sankt- Peterburq şəhəri) müəyyən olunmuş bayraqların tarixindən söz açılır, onların təsvirləri, fotoları verilir.
Müəllif bayraqlar üzərində olan rəmzlər, onların mənaları haqqında bilgi verir.
Kitabda Milli Azərbaycan Tarixi Muzeyində dövlətçilik rəmzlərinin araşdırılma tarixi, muzeyin kolleksiyasında olan 12 xanlıq bayrağı, eləcə də Naxçıvanda formalaşdırılmış və Rusiya imperiyasının ordusunun tərkibində olmuş hərbi hissələrin döyüş bayraqlarının təsviri verilir.