Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Həbsdə 47 yaşı tamam olan Navalnının onlarla tərəfdarı saxlanılıb


Navalnıya dəstək aksiyası
Navalnıya dəstək aksiyası

İyunun 4-də həbsxanada təkadamlıq kamerada 47 yaşını qeyd edən Kremlin tənqidçisi Aleksey Navalnının onlarla tərəfdarı saxlanılıb. Tərəfdarları onun həbsinə etiraz edirdilər.

Navalnı şərti azadlığa buraxılma şərtlərini pozmaq, məhkəməyə hörmətsizlik və fırıldaqçılıq yolu ilə mənimsəmə ittihamı ilə 11 il yarıma qədər cəza çəkir. Özü və tərəfdarları ittihamları siyasi motivli sayır, onu susdurmaq məqsədi daşıdığını deyirlər.

O, hazırda Moskvanın şərqindəki Vladimir vilayətindəki cəzaçəkmə koloniyasının karserindədir.

Navalnının təşəkkürü

"Həmişə olduğu kimi, ad günümdə də həyatımda rastlaşdığım bütün insanlara təşəkkür etmək istəyirəm. Yaxşılara mənə kömək etdikləri və hələ də kömək etdiklərinə görə. Pislərə isə onlarla təcrübəmdən nəsə öyrəndiyimə görə. Hər zaman yanımda olduqları üçün ailəmə təşəkkür edirəm!" – Navalnı “Twitter” səhifəsində yazıb.

"Ancaq bu gün ən böyük təşəkkürü və ən böyük salamı Rusiya, Belarus və digər ölkələrdəki bütün siyasi məhbuslara çatdırmaq istəyirəm. Onların əksəriyyətinin işi məndən qat-qat ağırdır. Hər zaman onlar haqqında düşünürəm. Onların dözümlülüyü məni hər gün ruhlandırır”, – Navalnı əlavə edib.

Prezident Vladimir Putinin istənilən narazılığı anında boğduğu bir dönəmdə müxalifətçinin tərəfdarları Moskvada, Sankt-Peterburqda və ölkənin digər yerlərində fərdi piketlər keçiriblər.

Moskvanın mərkəzində güclü təhlükəsizlik tədbirləri görülüb, Milli Qvardiyanın əsgərləri Puşkin meydanı yaxınlığında yerləşdirilib.

Müstəqil hüquq müdafiəsi və media qrupu olan OVD-İnfo-nun məlumatına görə, paytaxtda əllərində “Ad günün mübarək!” yazılmış şar tutan Yekaterina Lubyanaya adlı qadın da daxil olmaqla, fəalı dəstəkləyən lövhələr tutan bir neçə nəfər saxlanılıb.

Azı 100 nəfər saxlanıb, bəziləri buraxılıb

OVD-İnfo iyunun 4-ndə axşama kimi 23 şəhərdə mitinq və fərdi piketlərdə 100-dən çox adamın, o cümlədən bir jurnalistin saxlanıldığını, azı dörd nəfərin azyaşlı olduğunu, bəzilərinin sonda həbsdən azad edildiyini bildirib.

Avropanın bir sıra şəhərlərində, Yaponiya və Avstraliyada da nümayişlər keçirilib.

Navalny 2021-ci ilin fevralından həbsdədir, həmin ilin yanvarında Almaniyadan qayıtdıqdan sonra saxlanıb. O, həmin ilin avqustunda Sibirdə zəhərlənməsinin ardınca Berlinə aparılmış, orada müalicə olunmuşdu. Müxalifətçi zəhərlənməyə görə Kremli ittiham etsə də, Moskva bunu rədd edib.

Özü və komandası ittihamların Rusiya hökumətindəki korrupsiyanı ifşa etmək səylərinə görə uydurulduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG