Navalnı ‘ağlını itirmiş çara’ qarşı etirazlara çağırır
Rusiyanın həbsxanada olan müxalifət lideri Aleksey Navalnı Moskvanın qonşu Ukraynaya əsassız müdaxiləsinə qarşı fasiləsiz etirazlara çağırıb.
O deyib ki, Rusiya “qorxusundan susan adamların ölkəsinə” çevrilməməlidir.
Navalnı martın 2-də yazdığı silsilə Twitter postlarında prezident Vladimir Putini “aşkar şəkildə ağlını itirmiş çar” adlandırır və onu “sülh uğrunda mübarizə” kimi yalançı sovet zəmanəsi şüari ilə Ukraynaya müharibə açmaqda ittiham edir:
"Gəlin qorxusundan susanların, bizim aşkar şəkildə ağlını itirmiş çarın açdığı təcavüzkar müharibəni görməzliyə vuranların milləti olmayaq. Putin Rusiya deyil”.
Putinin qatı tənqidçisi Navalnı 2021-ci ildə Almaniyadan Rusiyaya qayıdan kimi həbs edilib və uzunmüddətli həbsxana cəzasına məhkum olunub.
O Rusiyada sovet dövründən qalma kimyəvi maddə ilə zəhərləndikdən sonra Almaniyada müalicə olunurdu.
O Putini onun həyatına qəsd etməkdə ittiham edir. Kreml bu ittihamları dəfələrlə təkzib edib.
Tarixi sərsəmləmə
Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan bəri Rusiyanın müxtəlif yerlərində hərbi müdaxiləyə kortəbii etirazlar başlanıb.
OVD-Info saytının məlumatına görə polis indiyədək müharibəyə etiraz edənlərdən 6835-i saxlayıb.
Navalnı daha sonra yazır:
"Biz dişlərimizi qıcayaraq və qorxuya üstün gələrək küçələrə çıxmalı, müharibəyə son qoyulmasını tələb etməliyik…Etirazlarda həbs olunan hər bir nəfəri iki nəfər əvəz etməlidir. Əgər müharibəni dayandırmaq üçün polis avtofurqonlarını, həbsxanaları doldurmalıyıqsa, bunu da etməliyik. Hər şeyin öz bədəli var və 2022-ci ilin yazında bu bədəli Biz ödəməliyik. Başqa heç kim. Gəlin təkcə müharibə əleyhinə olmayaq, müharibə əleyhinə mübarizə aparaq”.
Navalnı Putinin bu müharibə üçün bəhanəsindən də yazıb:
"Mən 100 il bundan əvvəl guya baş vermiş psevdotarixi hadisələr barədə sərsəmləməyə görə rusların ukraynalıları öldürməsinə və ukraynalıların da müdafiə olunaraq rusları öldürməsinə susmaq istəmirəm və susmayacağam”.