Rusiya məhkəməsi iyunun 9-da prokurorların hazırda həbsxanada olan müxalifət siyasətçisi Aleksey Navalnıya bağlı təşkilatların “ekstremist” elan edilməsi barədə vəsatətini təmin edib.
Bu, Rusiya hakimiyyətinin sentyabrda keçiriləcək parlament seçkisindən əvvəl Navalnının bütün müttəfiqlərinin seçkiyə buraxılmaması yolunda atdığı növbəti addım olub.
Moskva Şəhər Məhkəməsinin qərarı elan edildiyi andan qüvvəyə minmiş sayılır. Beləliklə Navalnının Antikorruspsiya Fondu (AKF) və onun şəbəkəsi ilə bağlı olanların seçkiyə qatılmasına blok qoyulub.
Məhkəmə hökmündə habelə bu təşkilatlarla işləmiş şəxslər üçün uzunmüddətli həbsxana cəzaları nəzərdə tutulur.
AzadlıqRadiosu bildirir ki, Rusiya hakimiyyətinin fərqli düşüncə üzərinə basqıları Levada mərkəzinin sorğusuna görə hakim Vahid Rusiya partiyasının reytinqinin ən aşağı həddə düşdüyü vaxta təsadüf edir.
Dinləmə qapalı olub
Prezident Vladimir Putinin ən kəskin tənqidçisi Navalnı yanvar ayında Almaniyadan Rusiyaya qayıdarkən hava limanında həbs edilib.
O 5 ay idi ki, Almaniyada zəhərlənmədən müalicə olunurdu. Navalnı Rusiyanın Omsk şəhərində zəhərlənməsinə görə Putin hökumətini ittiham edir.
Navalnı fevral ayında 2014-cü ilə aid ittihamla 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Müxalifətçi bu ittihamın siyasi motivli olduğunu bildirib.
AFK və şəbəkəsini ekstremist elan edən məhkəmə dinləməsi bağlı qapılar arxasında keçirilib. Hökumət bunu guya məhkəmə sənədlərinin arasında bəzilərinin məxfiliyi ilə əsaslandırıb.
Hakimiyyət “ağıllı səsverməyə” qarşı
Navalnının fondu son onillik ərzində aramsız olaraq Rusiyanın ən yüksək vəzifəli məmurlarını ifşa edən videolarla çıxış edib. Bu videolara milyonlarla baxış olub.
Navalnının regional qərargahları “Ağıllı səsvermə” layihəsinin həyata keçirilməsində mühüm rol oynayırdı.
Bu layihədən məqsəd seçkilərdə Vahid Rusiyanın namizədlərini məğlub etmək idi.
Navalnının regionlardakı onlarca qərargahı artıq ötən apreldən bağlanıb.
Moskva məhkəməsinin bu işə baxdığı bir vaxtda, Dövlət Dumasının millət vəkilləri “ekstremist” təşkilatlara bağlı olanların seçkilərə buraxılmamasına dair qanunu qəbul edirdilər.
İyunun 4-də, Navalnının ad günündə, Vladimir Putin tərəfindən imzalanmış bu qanun məhkəmə qərarı ilə “ekstremist” və “terrorçu” elan edilmiş təşkilatlara bağlı olanların növbəti beş ildə hər hansı seçkidə iştirak etməsini qadağan edir.