Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Navalnının komandası məmurların ifşasını davam etdirir


Zarina Doquzova
Zarina Doquzova

Rusiyada turizmə rəhbərlik edən qurumun - Rosturizm agentliyinin başçısı Zarina Doquzova 2019-cu ildən bəri Moskvanın mərkəzindəki Sadovniçevski bulvarında yerləşən binada kadastr qiyməti 30 milyon rubl (403 min dollar) olan mənzilə sahiblənib.

Bu barədə hazırda həbsxanada olan müxalifətçi Aleksey Navalnının tərəfdarları olan təhqiqatçılar məlumat yayıblar.

Onların verdiyi məlumata görə mənzilin bazar qiyməti 60 milyon rubl civarında təxmin edilir.

Təhqiqat hesabatında deyilir:

"Zarina Doquzova mənzilə ehtiyacı olanların siyahısına daxil edilib. O Sadovniçeski bulvarındakı superelit binada mənzil almaq üçün növbəyə durub. Və ona mənzil veriblər. 2019-cu ildə. Bizə məlum olmayan səbəblərə görə tək qıza, yəni bir sakinə 105 kvadratmetr sahəsi olan mənzil verilib”.

17 min dollarlıq şalvar

Doquzovanın həqiqətən də mənzilə ehtiyacı olduğunu araşdıran təhqiqatçılar gənc qadının müxtəlif tədbirlərə geyindiyi qarderobun qiymətini müəyyənləşdiriblər.

Onlar bu nəticəyə gəliblər ki, məmur 30 milyon rublluq paltar geyinir.

Təhqiqatda Doquzovanın zinət və bəzək əşyaları da yer alır.

Məsələn onun Chanel firmasından olan şalvarı və jaketinin qiyməti 1.2 milyon rubl (16.8 min dollar), Breguet markalı saatının qiyməti isə 27 min dollardır.

Hesabatda deyilir:

“Doqquzova sözün əsl mənasında ehtiyac içində yaşayan bir adamdırmı? Əlbəttə yox. Doquzova çox imkanlı qadındır. Onun tək qarderobunun qiyməti müəllimin 50 ildə aldığı maaşa bərabərdir. Onun real həyat tərzi nəzərə alınarsa, bu adama heç bir dotasiya və güzəşt düşmür”.

Gəlirlər haqqında bəyannamələrə görə Rosturizmin başçısı son iki ildə 5 milyon rubl (67 min 100 dollar) qazanıb.

Navalnının yoldaşları bildirirlər ki, qanunla Doquzova bizneslə məşğul ola bilməz. Onun investisiya və səhmlərdən gələn gəlirləri də olmamalıdır. Qanuna görə o qiyməti 3 min rubldan baha hədiyyə qəbul edə bilməz.

Kasıblar tikilmişdi, məmurlara verildi

Araşdırma hesabatında deyilir ki, Doquzovanın mənzili haqqında Rusiya reyestrindəki məlumatlara məxfilik qoyulub və bu səbəbdən də indi bu mənzilin sahibinin kim olduğunu aşkar etmək üçün çıxarış almaq mümkün deyil.

Zarina Doquzova Rosturizmə 2019-cu ildən başçılıq edir.

O 2008-2012-ci illərdə Rusiya hökumətinin mətbuat xidməti idarəsində işləyib.

Bundan sonra gənc qadın prezidentin ictimai əlaqələr üzrə şöbəsinə keçib.

Aleksey Navalnı Sadovniçeski bulvarındakı yaşayış kompleksi haqqında hələ 2019-cu ildə bəhs etmişdi.

Bu bina əvvəlcə ehtiyacı olanlar üçün bələdiyyə evi kimi tikilmişdi. Amma sonra bu binadakı mənzillər meriya işçilərinə, habelə keçmiş və indiki federal məmurlara verilib.

Siyasətçi iddia edirdi ki, bu mənzilləri şəhər hakimiyyətindən bazar dəyərindən aşağı qiymətə almaq olardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG