Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:59

Navalnının evinə və hesabına həbs qoyulub


Navalnı Berlin klinikasında komadan çıxdıqdan sonra
Navalnı Berlin klinikasında komadan çıxdıqdan sonra

Rusiyada məhkəmə icraçıları antkorrupsiya fəalı, müxalifətçi Aleksey Navalnının Moskvadakı evinə həbs qoyublar.

Bu barədə məlumatı sentyabrın 24-də siyasətçinin mətbuat katibi Kira Yarmış özünün Twitter hesabından verib.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, bu akt “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeni Priqojinlə əlaqədardır.

Yarmışın sözlərinə görə, sözü gedən mənzildə Navalnıya düşən pay üzərinə həbs hələ avqustun 27-də qoyulmuşdu.

Bu o deməkdir ki, həmin mənzili satmaq, bağışlamaq və ya girov qoymaq mümkün olmayacaq.

Elə həmin vaxt Navalnının bank hesablarına da həbs qoyulmuşdu.

“Putinin aşpazı” Navalnını özünə necə borclu edib?

AzadlıqRadiosu yazır ki, bu hadisə Priqojinə bağlı “Moskva məktəblisi” iaşə firmasının məhkəmə iddiası ilə əlaqəlidir.

2019-cu ilin oktyabrında məhkəmə, müxalifət fəalı Lyubov Sobolu, Aleksey Navalnı və onun Korrupsiyaya qarşı Mübarizə Fondunu (KMF) “Moskva məktəblisi” yeyinti kombintına 87 milyon rubl (1 milyon 137 min dollar) təzminat ödəməyə təhkim etmişdi.

Firma Navalnı və fondun hazırladığı reportajda işgüzar reputasiyasına böyük ziyan dəydiyini iddia edirdi.

Reportajda deyilirdi ki, kombinatın məktəb və uşaq bağçalarına verdiyi keyfiyyətsiz yeməklərə görə uşaqlar arasında qarın yatalağı infeksiyası yayılıb.

Bundan sonra rəsmən firma ilə guya bağlı olmayan Priqojin bildirmişdi ki, “Moskva məktəblisi” kombinatına ödənməli olan borcu alır.

Beləliklə də, Putinə çox yaxın olan oliqarx Putinin qatı tənqidçisi Navalnı və fondu özünə borclu etmişdi.

“Putinlə Priqojinin boğazında qalsın...”

2020-ci ilin iyulunda Aleksey Navalnı məhkəmə təzminatını ödəyə bilməyəcəyi səbəbi ilə fondu bağladığını elan etmişdi.

O həmin vaxt demişdi ki, başqa mübarizə yolu seçəcək:

“Qoy bu pul Putinlə Priqojinin boğazında qalsın. Amma bizim üçün ən dəyərli olanı – sizləri biz özümüzdə saxlayacağıq. Mənə və Sobola bundan artığını etmək mümkün deyil. Tələb olunan vəsait nəhəngdir və mən bu pulu toplamaqda belə məna görmürəm. Putin hakimiyyətinin sonunadək istənilən mülkiyyətimizi Putinin aşpazının nəfinə bizdən alacaq pristavlar və bloklanmış hesablarla yaşamalı olacağıq”.

2020-ci ilin avqustunda məhkəmə icraçıları KMF-in hüquqşünası Lyubov Sobolun hesabından məcburi qaydada 34 milyon rublu siliblər. Bunun 29 milyonu “Moskva məktəblisi” kombinatının nəfinə alınıb.

Xatırlatma

Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss etmişdi.

Təyyarə təcili qaydada Omsk şəhərində endirilmişdi. Daha sonra qohumları Aleksey Navalnının müalicə üçün Almaniyaya göndərilməsinə nail olmuşdu.

Sentyabrın 2-də Almaniya hökumətinin rəsmi nümayəndəsi bəyan etmişdi ki, Navalnının qanında Rusiyada sovet vaxtlarında istehsal olunmuş Noviçok kimyəvi zəhərinin izləri tapılıb.

Bunun ardınca Almaniya kansleri Angela Merkel baş verənlərə görə Rusiyadan rəsmi izahat tələb etmişdi.

Sentyabrın 14-də Fransa və İsveçdəki daha iki müstəqil laboratoriya müxalifətçinin Noviçok maddəsi ilə zəhərləndiyini təsdiqləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG