NATO Ukraynaya daha geniş səlahiyyətləri olan partnyor statusu verib.
Bu barədə iyunun 12-də Britaniyanın müdafiə naziri Ben Wallace bəyanat verib.
Bu vaxtadək belə “səlahiyyətli partnyor” statusuna yalnız Gürcüstan, İordaniya, Avstraliya, Finlandiya və İsveç malik idilər.
Səlahiyyətli partyor statusuna Şimal alyansının əməliyyatlarına xüsusi töhfə vermiş müttəfiqlər layiq görülür.
Status Ukraynaya NATO proqramlarına və alyansdaxili informasiyalara daha müfəssəl çıxış, birgə manevrlərdə iştirak imkanı verir.
“Alyans belə partnyordan qürur duyur”
Britaniyanın müdafiə naziri Ben Wallace Ukraynaya yeni statusun verilməsini alqışlayıb:
"Birləşmiş Krallığın Ukrayna ilə yaxın əməkdaşlığı təşəkkül tapıb. Britaniya hərbçiləri Ukraynda 18 min əsgər və zabitə təlim keçib. Biz bu əməkdaşlıqdan yalnız qazanırıq. NATO belə bir partnyoru olmasından çox məmnundur”.
Britaniyanın Ukraynadakı hərbi-təlim missiyası “Operation Orbital” 2015-ci ildə, Krımın Rusiya tərəfindən qanunsuz ilhaqından bir il sonra yaradılıb. Onun müddəti 2023-cü ilədək uzadılıb.
“Genişləndirilmiş Əməliyyat Partnyoru” (Enhanced Operating Partner - EOP) statusu NATO-nun Qarşılıqlı Əməliyyat Partnyorluğu Təşəbbüsünə daxildir.
Rusiya ilə rəqabətin ön xəttində
NATO-nun bu barədə mətbuat üçün xüsusi məlumatında deyilir:
“Ukrayna, Müttəfiqlərin Əfqanıstan və Kosova da daxil əməliyyatlarına, NATO-nun Reaksiya Qüvvəsinə və NATO təlimlərinə hərbçilərini göndərib. Müttəfiqlər Ukraynanın Avroatlantika təhlükəsizliyinə sadiqliyini göstərən bu əhəmiyyətli töhfələri yüksək qiymətləndirir”.
Bundan bir gün əvvəl, iyunun 11-də ABŞ-ın Müdafiə Nazirliyi bu il üçün Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım paketini qəbul edib.
Yardım ABŞ-ın milli təhlükəsizliyinə dəstək təşəbbüsü çərçivəsində verilir.
Pentaqon öz bəyanatında Ukraynanı “Rusiya ilə strateji rəqabətin ön xəttində mühüm partnyor” adlandırır vəbildirir ki, sözü gedən yardım Ukrayanaya onun Rusiya təcavüzünü dəf edə bilməsi üçün ayrılıb.