Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:15

NATO rəhbəri: ‘Ukraynaya lazım olan silahın 98 faizi artıq verilib’


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Müttəfiq və partnyorlardan aldığı hərbi yardımlar Ukraynanın, Moskvanın müdaxiləsindən bəri Rusiya tərəfindən işğal olunmuş ərazilərini azad etmək perspektivlərini əsaslı şəkildə yaxşılaşdırıb.

Bunu aprelin 27-də NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Hazırda Ukraynanın şərqində, Baxmut şəhəri ətrafında qızğın döyüşlər gedir.

Brüsseldə NATO-nun qərargahında jurnalistlərin suallarına cavab verən Stoltenberq deyib ki, müttəfiqlər Ukraynaya vəd etdikləri silah-sursatın 98 faizini artıq Kiyevə çatdırıblar:

"Bu, 1550-dən çox zirehli maşın, 230 tank və böyük həcmlərdə sursat da daxil başqa avadanlıq deməkdir. Ümumilikdə biz Ukraynanın 9 yeni zirehli briqadasını təlimləndirmiş və silahlandırmışıq. Bu işğal olunmuş ərazilərin azad edilməsinin davam etdirilməsində Ukraynanın vəziyyətini xeyli gücləndirib”.

Stoltenberq ümumilikdə hansı sayda hərbçidən söhbət getdiyini açıqlamasa da, Qərb hərbiyyəsinin terminologiyası ilə bir briqadada 3 min - 5 min arası əsgər olur.

Priqojinin proqnozu

Lakin NATO rəhbəri xəbərdarlıq edib ki, Ukraynaya göstərilən misilsiz hərbi yardımlara baxmayaraq Rusiya ordusunun gücünü qiymətləndirməmək və nəzərə almamaq olmaz.

Stoltenberq deyib ki, Rusiya ağır canlı itkilərinə baxmayaraq cəbhəyə daha çox hərbçi göndərmək niyyətindədir.

NATO başçısının bu bəyanatı Ukraynanın Rusiya qoşunlarına qarşı geniş əks-hücuma hazırlaşdığına dair xəbərlərin yayıldığı vaxta təsadüf edir.

Qeyd olunur ki, bu əks-hücuma başlanması üçün havanın yaxşılaşması, daha doğrusu yağışların ara verməsi və ağır zirehli texnikanın sərbəst hərəkəti üçün torpağın quruması lazımdır.

Kremlə bağlı oliqarx, Vaqner özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin aprelin 26-da deyib ki, Ukraynanın artıq “qaçılmaz” olan əks-hücumunu gələn ayın əvvəllərində gözləmək lazımdır.

Ukrayna tərəfi Priqojinin açıqlamasına münasibət bildirməyib.

Təyyarəvuran raketlərlə yaşayış evləri vurulur

Bu arada Rusiya Ukraynanın yaşayış məntəqələrinin bombardmanlarını davam etdirir.

Rusiyanın artilleriya zərbələri Xerson şəhərinin cənubunda bir mülkinin ölümü ilə nəticələnib.

Ötən gecə Rusiya ordusu habelə Nikolayev şəhərinin yaşayış massivlərini yer-göy raketləri ilə bombardman edib.

Xəbər verilir ki, Nikolayev şəhəri S-300 raketləri ilə atəşə tutulub. Ekspertlər bildirirlər ki, artilleriya sursatından və raketlərdən korluq çəkən Rusiya ordusu təyyarələri vurmağa hesablanmış S-300 sistemlərindən istifadə edir.

Nikolayevin atəşə tutulması nəticəsində azı bir nəfər həlak olub və bir neçə başqa mülki şəxs yaralanıb.

Ukrayna prezidenti Volodimir Zelenski aprelin 27-də deyib ki, Rusiya Nikolayev şəhərində mülki obyekti, hündür yaşayış binasını vurub.

Şəhərin meri Oleksandr Senkeviç şəhərin bir hissəsinin tamamilə elektriksiz qaldığını deyib.

Şəhər yerlə yeksan edilir

Son aylarda Nikolayev şəhəri də daxil bu rayon Rusiya qüvvələri tərəfindən tez-tez bombardman edilir.

Ukraynaya qarşı əsassız və səbəbsiz tammiqyaslı müharibəyə başlayan Rusiya mülki obyektləri və yaşayış yerlərini atəşə tutduğunu israrla danır.

Ukrayna qoşunları aprelin 27-də Baxmut və Maryinka şəhərləri istiqamətində düşmənin 54 həmləsinin dəf edildiyini bildirib.

Ukrayna şərq rayonu hərbi komandanlığının sözçüsü Serhiy Çerevatı deyir ki, Rusiya Baxmutda Suriyada həyata keçirdiyi metoddan istifadə edir.

Şəhər Ukrayna müdafiəçilərini sığınacaq və daldalanacaqdan məhrum etmək üçün yerlə yeksan olunur.

XS
SM
MD
LG