Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

NATO Rusiyanı yeni raketlərini ləğv etməyə çağırır


Jens Stoltenberg
Jens Stoltenberg

NATO iyunun 25-də Rusiyanın ona verilmiş möhlət daxilində özünün yeni raketlərini məhv etməyə çağırıb.

Rusiya Avropada yerdən atılan nüvə başlıqlı raketlərin qadağanına dair beynəlxalq müqavilənin qüvvədə qalması üçün bu sənədə zidd olan yeni raketlərini demontaj etməlidir.

Reuters agentliyi yazır ki, NATO-nun müdafiə nazirləri iyunun 26-da Moskvanın növbəti mümkün addımlarını müzakirə edəcəklər. Alyansın baş katibi Jens Stoltenberg mətbuat konfransında deyib:

“Biz Rusiyanı məsuliyyətli yol seçməyə çağırırıq, lakin Rusiyanın bunu etmək niyyətində olduğunu göstərən əlamətləri görmürük”.

Stoltenberg bundan çox təfərrüat verməyib, lakin diplomatlar bildirirlər ki, müdafiə nazirləri Avropa üzərində nüvə başlığı daşıyan ABŞ təyyarələrinin daha çox uçuşlar etməsini müzakirə edəcəklər. Bu Avropanı Rusiyanın yeni raketlərindən qorumaq üçün atılan ilk addım olacaq.

ABŞ-ın gəmilərdə yerləşdirilmiş nüvə başlıqlarının da səmtinə müvafiq düzəlişlər ediləcək.

ABŞ və onun müttəfiqləri Rusiyanın özünün nüvə başlığı daşıya bilən 9M729/SSC-8 qitələrarası ballistik raket sistemini ləğv etməsini istəyirlər. Moskva bu raketlərin Ortamənzilli Raketlərin Ləğvinə dair 1987-ci il Müqaviləsinin şərtlərinə zidd olduğunu qəbul etmir. Rusiya Vaşinqtonu yeni silahlanma yarışı başlamaqda ittiham edir.

Əgər bu barədə razılaşma əldə edilməsə, Vaşinqton qısa adı INF olan bu müqaviləni avqustun 2-də tərk edəcəyini bildirib. ABŞ bəyan edib ki, bundan sonra o da ortamənzilli raketlərin yaradılmasında tam sərbəst olacaq.

İyunun 24-də Rusiya xəbərdarlıq etmişdi ki, əgər ABŞ onun sərhədləri yaxınlığında yerdən atılan raketlər yerləşdirərsə, 1962-ci il Kuba böhranına bənzər qarşıdurma təkrar oluna bilər.

Stoltenberg bildirib ki, Rusiyanın sərhədləri yaxınlığında yeni raketlərin yerləşdirilməsi planları yoxdur.

ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutchison müxbirlərə deyib ki, ABŞ hazırda cavab addımı kimi nüvə silahlarının deyil, adi silahların yerləşdirilməsi məsələsinə baxır.

O əlavə edib ki, avropalı müttəfiqlərin müdafiəsi naminə ABŞ bütün variantları masa üstündə saxlayır.

1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmış INF müqaviləsi tərəflərə 500 kilometrdən 5500 kilometrədək uçan raketlərin layihələndirilməsini, istehsalını və yerləşdirilməsini qadağan edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG