NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, gələn həftə Rusiya ilə “xoş məram və mahiyyətcə” danışıqlara hazırdır, amma alyans ölkələrin ona qoşulmaq hüququ da daxil, özünün əsas prinsiplərində güzəştə getməyəcək.
Yanvarın 7-də NATO xarici işlər nazirlərinin videokonfransından sonra danışan Stoltenberg xəbərdarlıq edib ki, Ukraynaya qarşı davam edən təcavüzün Ruisya üçün ağır nəticələri və ağır bədəli ola bilər.
O NATO-nun genişlənməsinin dayandırılmasına dair Rusiyanın əsas tələbini birmənalı rədd edib:
“Biz istənilən ölkənin öz yolunu seçmək hüququ, istədiyi təhlükəsizlik tədbirlərinin bir hissəsi olmaq hüququ da daxil təməl prinsiplərimizdə güzəştə getməyəcəyik”.
NATO rəhbəri bunu da bildirib ki, Rusiyanın Ukrayna yaxınlığında qoşun toplaması davam edir:
"Biz burada zirehli birləşmələr, döyüşə hazır qoşunlar, elektron müharibə avadanlığı və müxtəlif hərbi birliklər görürük”.
Stoltenberq deyib ki, bu qoşun cəmləşdirilməsi, Rusiyanın təhlükəsizlik tələbləri və onun Ukrayna və Gürcüstandakı keçmiş fəaliyyət tarixçəsi Avropada yeni bir silahlı münaqişə üçün real risk olduğu barədə mesaj verir.
NATO-ya üzv 30 ölkənin xarici işlər nazirləri yanvarın 7-də keçirdikləri videokonfransın ardınca Rusiyanın Ukraynada hər hansı hərbi hərəkətinin əleyhinə olduqlarına dair bəyanatla çıxış ediblər.
Bu barədə NATO-nun yazdığı tvitdə deyilir:
"Bütün NATO ölkələrinin xarici işlər nazirləri bugünkü fövqəladə sessiyada Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı bir olduqlarını bir daha təsdiqləyiblər. Qarşıdan gələn NATO-Rusiya Şurası iclasının ərəfəsində nazirlər diplomatiyaya, dialoqa və de-eskalasiyaya ehtiyac olduğunu vurğulayıblar”.