Bu gün, dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Curtis Scaparrotti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun görüşü keçirilib.
Bu haqda Rusiya Müdafiə Nazirliyinin press-relizində bildirilir.
Məlumatda qeyd edilir ki, hərbi komandirlər Avropa və dünyada təhlükəsizlik sahəsindəki durumla bağlı fikir mübadiləsi aparıblar.
Məlumatda həmçinin, tərəflərin əlaqələrin davamlılığını razılaşdırdıqları vurğulanır.
Xatırlatma
NATO və Rusiyanın hərbi liderləri bundan əvvəl də Bakıda bir araya gəliblər. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimov keçən il sentyabrın 7-si Bakıda görüşmüşdülər. Həmin görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunmuş, tərəflər əlaqələri davam etdirməyə qərar vermişdilər.
Ondan əvvəl isə ABŞ və Rusiyanın hərbi liderləri Bakıda bir araya gəlmişdilər. Ötən il fevralın 16-da Bakıda ABŞ-ın Baş Qərargahlar rəisi, general Joseph Dunford və Valery Gerasimovun görüşü keçirilmişdi.
Bu gün, dekabrın 12-də gerçəkləşən bu görüşdən əvvəl isə tərəflər Bakıda Azərbaycan prezidenti İlham Əliyevin də qəbulunda olmuşdular.