Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:46

NATO Rusiyanı silahlara nəzarət müqaviləsinə riayət etməyə çağırır


Sovet dövründə istehsal edilmiş ss-4 ballistik nüvə raketi
Sovet dövründə istehsal edilmiş ss-4 ballistik nüvə raketi

NATO Rusiyanı nüvə silahlarına nəzarətə dair əsas beynəlxalq müqavilənin şərtlərinə riayət etməyi davam etdirməyə çağırıb. Bundan bir qədər əvvəl ABŞ 1987-ci il tarixli bu müqavilədən çıxmaq niyyətini bəyan edib. Vaşinqton Moskvanı ingiliscə qısa adı INF olan müqavilənin şərtlərini pozmaqda ittiham edir.

NATO-nun baş katibi Jens Stoltenberg oktaybrın 31-də Brüsseldə keçirilən NATO-Rusiya Şurasının iclasından sonra deyib:

"Yalnız bir tərəfin ehtiram etdiyi heç bir silahlara nəzarət sazişi səmərəli ola bilməz”.

Bu, Rusiya və NATO rəsmiləri arasında ötən may ayından bəri ilk görüş idi. Qərb və Rusiya arasında gərginlik isə səngimək bilmir.

NATO bildirir ki, Rusiyanın yeni bir qitələrarası raketi yerləşdirməsi 1987-ci il Ortamənzilli Raketlərə dair Müqavilənin şərtlərini pozur. Alyans narahatdır ki, Rusiya bu silahdan onun üzvlərinə qarşı istifadə edə bilər.

Kreml öz növbəsində alyansı onun sərhədlərində “təxribatçı davranışda” ittiham edir.

Digər tərəfdən Moskva 1987-ci il müqaviləsini pozduğuna dair ABŞ-ın ittihamlarını qəbul etmir. Rusiya iddia edir ki, ABŞ-ın Avropada yerləşdirdiyi raketdən müdafiə sistemlərinin bəzi elementləri INF müqaviləsinin şərtlərini pozur.

Stoltenberg deyib ki, Birləşmiş Ştatlar son beş ildə Rusiya ilə diplomatik mükalimələr yolu ilə sözü gedən müqavilənin qüvvədə saxlanmasına çalışıb.

Bu arada NATO müttəfiqləri Rusiyanın qitələrarası raketi ilə bağlı “ciddi narahatlıq” ifadə ediblər və Rusiyanı daha çox şəffaf olmağa çağırıblar.

Stoltenberg deyib ki, Rusiyanın çağırışlara məhəl qoymaması sözü gedən raketin Avroatlantika məkanında sabitliyə təhlükə olduğunu göstərir.

NATO başçısı bildirib ki, alyans bu təhlükələrin qarşısını almaq üçün səmərəli tədbirlərini davam etdirir.

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-ın INF müqaviləsindən çıxması “yeni silahlanma yarışı” ilə nəticələnəcək.

Oktyabrın 25-də NATO özünün Trident Juncture kod adlı manevrlərinə başlayıb. Stoltenberg bu manevrləri “Avropanın böyüyən təhlükə şəraitində olduğu bir vaxtda güclü qüvvə nümayişi” adlandırıb.

Döyüş silahları ilə aparılan bu manevrlər noyabrın 7-dək davam edəcək.

Bu manevrlərdə 50 min əsgər, 10 min maşın və 300-dən çox təyyarə, habelə bütün 29 NATO ölkəsindən olan gəmilər iştirak edir.

Şimali Atlantikadan Baltik dənizənədək ərazini əhatə edən bu manevrlərdən məqsəd alyansın hər hansı üzvünün üzərinə hücuma cavabı məşq etməkdir.

Rusiya 2017-ci ilin sentyabrında ölkənin qərbində, habelə Belarus ərazisində Zapad-2017 adlı böyük manevrlər keçirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG