Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

NATO iki yeni qərargah yaradır


Jens Stoltenberg NATO nazirlərinin mühüm qərarlarını elan edib
Jens Stoltenberg NATO nazirlərinin mühüm qərarlarını elan edib

NATO-nun xarici işlər nazirləri qoşunların Atlantik üzərindən və Avropa içərisində daha yaxşı hərəkət etdirilməsi məqsədilə iki yeni hərbi qərargahın yaradılması planını qəbul ediblər.

Bu tədbir Rusiyadan qaynaqlanan təhlükənin artması ilə əlaqələndirilir.

NATO-nun baş katibi Jens Stoltenberg bu barədə bəyanatı noyabrın 8-də verib, noyabrın 9-da isə Əfqanıstandakı NATO qüvvələrinin daha 3 min əsgər artırılması barədə qərarın qəbul ediləcəyi gözlənilir.

NATO nazirlərinin noyabrın 8-9-da Brüsseldə keçirilən müşavirəsinin birinci günündən sonra çıxış edən Stoltenberg iki yeni qərargahın yaradılması barədə məlumata əlavə təfərrüat bildirməyib və deyib ki, daha müfəssəl informasiyanı hərbi komandanlar 2018-ci ilin fevralında açıqlayacaqlar.

Rusiya təhlükəsi

Bu, Soyuq Müharibə başa çatandan bəri ilk dəfədir ki, 29 ölkəlik alyans özünün komandanlıq strukturunun genişləndirilməsinə qərar verir. Soyuq Müharibə illərində NATO-nun 22 minlik heyəti 33 komandanlıqda xidmət edirdisə də, sonradan bunların sayı 7 minlik heyətə və cəmi 7 qərargaha ixtisar edilmişdi.

Son illərdə Rusiyanın Ukraynadakı hərəkətləri Moskvanın niyyətləri barədə NATO-nun keçmiş sosialist blokuna daxil üzvləri, habelə Baltik ölkələri arasında ciddi narahatlığa səbəb olub.

Bu narahatlıqlarla əlaqədar NATO özünün şərq cinahındakı qüvvələri gücləndirərək Baltik ölkələrində və Polşada əlavə olaraq 4500 hərbçi yerləşdirib.

Stoltenberg deyib ki, yeni yaradılacaq komandanlıqlardan biri Şimali Amerika və Avropa arasında “dəniz xətti kommunikasiyalarının açıq və etibarlı qalmasını” təmin edəcək.

Baş katibin sözləriinə görə ikinci komandanlıq “hərbi qüvvələrin Avropa boyunca hərəkətinin yaxşılaşdırılmasına və NATO hazırlıq funksiyalarının gücləndirilməsinə” xidmət edəcək.

Qərargahlar harada yerləşəcək?

Stoltenberg deyib ki, bu qərargahların yaradılması qoşun və texnikanın müxtəlif milli sərhədlər üzərindən asanlaşdırılmış rejimdə keçirilməsinə dair qanunvercilik aktlarının tam tətbiqini tələb edir.

Baş katib bunu da əlavə edib ki, lazımı nəqliyyat həcmlərinin təminatı üçün özəl sektorla koordinasiya təşkil olunmalıdır.

Stoltenberg deyib ki, “biz bu məqsədlə ifrastrukturu – yolları, körpüləri, dəmir yollarını, uçuş-eniş zolaqlarını və dəniz limanlarını yaxşılaşdırmalıyıq”.

Diplomatlar iki yeni komandanlığın mümkün yeri barədə qərarların qəbul olunmadığını desələr də, Almaniya özünün Mərkəzi Avropadakı strateji coğrafi məkanına görə qərargahlardan birinə ev sahibliyi edə biləcəyini bildirib.

Diplomatlar bunu da bildiriblər ki, Atlantika dəniz komandanlığının mümkün dislokasiyası üçün məkan Portuqaliya, İspaniya, Fransa və ya Birləşmiş Ştatlarda da ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG