Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Prezident ABŞ rəsmisini qəbul edib


Alice Wells
Alice Wells

“Azərbaycan NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək kod adlı missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb. Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır”.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bu gün, iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alice Wells-lə görüşdə belə deyib.

Prezident Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycanın Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin etdiyini vurğulayıb.

İlham Əliyev Beynəlxalq Təmas Qrupunun Bakı toplantısının Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcəyinə ünid ifadə edib.

“Azərbaycan tərəfi ABŞ prezidentinin ölkəmizə olan münasibətini yüksək qiymətləndirir”, deyən İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğulayıb.

Görüşdə Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakıda keçiriləcək toplantısının əhəmiyyətinə toxunulub. İlham Əliyev Alice Wells-in bu tədbirdə iştirak etməsindən məmnunluğunu bildirib.

Alice Wells də öz növbəsində İlham Əliyevlə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ötrü yaxşı imkan yaratdığını deyib.

O, Azərbaycanının Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında hərbçilərinin sayının artırılmasının yüksək qiymətləndirildiyini bildirib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyinin qeyd olunduğu bildirilir.

Xatırlatma

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alice Wells bu gün, iyunun 27-də Azərbaycana gəlib.

Alice Wells-in səfəri iyunun 29-na kimi davam edəcək. O, iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun (BTQ) toplantısında iştirak etməlidir.

Bu toplantıda Beynəlxalq Təmas Qrupuna daxil ölkə və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da gözlənilir.

Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib. Azərbaycan daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Beynəlxalq Təmas Qrupu Əfqanıstan və onun yerləşdiyi regionun inkişafına töhfə verilməsindən ötrü müzakirələrin aparılmasına xidmət edən platformadır.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun “Qətiyyətli dəstək” missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Hazırda Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı «Qətiyyətli Dəstək» missiyasında iştirak edir.

XS
SM
MD
LG