Martın 2-də səhər saatlarında Narkoloji Mərkəzdə 25 nəfərin öldüyü yanğın zamanı orada olmuş Əkbər Sahibzadə hesab edir ki, hadisədə insan tələfatının çox olmasının əsas səbəbi xəstələrin içdiyi ağır dərmanlar olub. Bu haqda o, sentyabrın 14-də məhkəmədə danışıb.
«Yatmışdıq, «oxran» qapını döydü, tez oyandım. Qapını açanda dəhlizdə tüstüdən göz-gözü görmürdü. Bir çox xəstələr ağır dərmanların təsirində idi. Onlar oyana bilmədilər, qalıb yandılar», – Ə.Sahibzadə ifadəsində bildirib.
O deyir ki, yanğın baş verən korpusdan sürünə-sürünə çıxıb.
Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, Ə.Sahibzadə deyir ki, bu barədə məlumatı yoxdur. Heç yanğından qaçıb canını qurtaranda da maraqlanmayıb: «Orada elə bir vəziyyət idi ki, adamın yadına heç nə düşmürdü. Çıxanları başqa bir korpusa yerləşdirdilər. Ondan sonra prokurorluq işçiləri gəldi».
Məhkəmə araşdırmaları sentyabrın 18-də davam edəcək.
Xatırlatma
Narkoloji Mərkəzdə baş vermiş yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan həkim Azad Ələkbərov haqqındakı cinayət işi ayrılıb, qalan dördünün işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlardan Mərkəzdə müalicə olunan 64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndisi Mahir Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə, M.Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədova isə oğlundan rüşvət alıb onu orada saxlamaqda ittiham olunur.
Onların heç biri özünü təqsirli bilmir.