Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Həkim-narkoloq: ‘Mən heç kimdən rüşvət almamışam’


“Bu ittiham süni şəkildə ortaya atılıb. Bizə birbaşa aidiyyəti olmasa da, gördüklərimizi deməliyik ki, Məhəmməd Məmmədova verilən Narkoloji Mərkəzi yandırmaqla bağlı ittihamın əsaslı olmadığı məhkəmədə ortaya çıxdı. Görünür, ona verilən bu əsassız ittihamı qüvvətləndirmək üçün Afət Məmmədovaya da bu ittihamı veriblər”, – vəkil Altay Muradov belə deyir.

O, Narkoloji Mərkəzin şöbə müdiri olmuş həkim-narkoloq Afət Məmmədovanın vəkilidir. Afət Məmmədovaya ittiham verilib ki, o, Məhəmməd Məmmədovun oğlu Vahiddən aylıq 100 manat rüşvət alaraq, onun atasını illərlə (ümumilikdə 65 aya 6 min 500 manat) Narkoloji Mərkəzdə saxlayıb.

İttihamda deyilir ki, o, spirtli içki aludəçisi olan Məhəmməd Məmmədova təyin edilən növbəti müalicənin müddəti martın 1-də başa çatsa da, onu buraxmayıb, müddəti uzadıb. Nəticədə martın 2-də səhər tezdən Məmmədov ailəsinin ona qarşı belə münasibətinə, Narkoloji Mərkəzdə saxlanmasına etiraz olaraq, intihar məqsədilə yanğın törədib.

Vəkil isə deyir ki, bu ittiham əsassızdır: “Vahid Məmmədovun ifadəsində var ki, guya 2007-ci ildən Afət Məmmədovaya pul verib, onlara problem yaradan atasını Narkoloji Mərkəzdə saxlatdırıb.

Halbuki, Afət Məmmədova 2011-ci ildən sonra Məhəmməd Məmmədovun həkimi olub. İkincisi, Afət Məmmədova 2011-ci ildən sonra 21 ay analıq məzuniyyətində olub. Bunun 17 ayını Məhəmməd Məmmədov Narkoloji Mərkəzdə saxlanıb. Yəni Afət Məmmədova işləmədiyi vaxtlarda da Məhəmməd Məmmədov orada olub”.

Vəkilin sözlərinə görə, yanğından bir gün öncə Afət Məmmədovanın onun müalicə müddətini artırması haqda iddia da doğru deyil. Çünki fevralın 5-dən martın 2-nə qədər Afət Məmmədova Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda kursda olub. Vəkil sorğusuna verilən cavablar da bunu təsdiqləyir.

Narkoloji mərkəz yanğından sonra
Narkoloji mərkəz yanğından sonra

Altay Muradov çıxışının sonunda bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən həkim-narkoloq özü də məhkəmədə bildirib ki, Məhəmməd Məmmədovu rüşvət hesabına Narkoloji Mərkəzdə saxlaması haqda ittiham əsassızdır:

“Mən heç kimdən rüşvət almamışam. Mamed dayı (Məhəmməd Məmmədovu nəzərdə tutur-red.) 1998-ci ildən orada müalicə olunur, mən 2011-ci ildən onun həkimiyəm. Heç hadisə olan dövrdə də mən işdə olmamışam. Orada olmaya-olmaya necə rüşvət alıb, xəstə saxlaya bilərdim? Mamed dayıya lazım olanda Mərkəzin qapısının yanındakı mağazadan çay, siqaret, üzqırxan alıb ona vermişəm, oğlu gələndə mağazaya pulunu ödəyib. Bilsəydim ki, xəstəyə mağazadan çay, siqaret alıb verdiyimə görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt eləməzdim”.

Mayın 3-də keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Prokuror Məhəmməd Məmmədova ömürlük, Afət Məmmədovaya şərti, T.Məmmədhəsənova 4 il, M.Abdullayevə isə 3 il 6 ay həbs cəzası verilməsini istəyir. Onların heç biri özünü təqsirli bilmir.

XS
SM
MD
LG