Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümü, daha 29-nun xəsarət almasına səbəb olan yanğına görə cinayət məsuliyyətinə cəlb olunan dörd nəfərə prokuror cəza istəyib.
Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən dövlət ittihamçısı Nəsir Bayramov deyib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmədə sübuta yetirilib.
O, hadisə vaxtı spirtli içki asılılığına görə orada müalicə olunan və yanğını törətməkdə ittiham edilən 64 yaşlı Məhəmməd Məmmədovun ömürlük, Mərkəzin keçmiş direktoru Telman Məmmədhəsənovun 4 il, onun təsərrüfat məsələləri üzrə müavini Mahir Abdullayevin 3 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərdən şöbə müdiri, Məhəmməd Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədova həbsdə deyil. Prokuror ona 5 il şərti cəza verilməsini təklif edib.
Mərkəzin direktoru və müavini yanğın təhlükəsizliyi qaydalarına əməl olunmamasında, Afət Məmmədova isə Məhəmməd Məmmədovun ailə üzvlərindən davamlı şəkildə rüşvət alıb, onu Mərkəzdə saxlamaqda suçlanır.
Amma təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir.
Aprelin 9-da davam edəcək məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, daha sonra onlar özləri son sözlərini deyəcəklər.
Xatırlatma
Ötən il martın 2-də səhər saat 6 radələrində Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.
İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.