Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Narkodispanser işi: ‘O heç toyuq başı kəsə bilmirdi, 25 nəfəri necə öldürdü?’


Narkodispanser yanğından sonra
Narkodispanser yanğından sonra

"Məhəmmədi oğlu evə görə aparıb atmışdı ora. Ona nə qədər dedim ki, ölənə qədər evini vermə, baxmayacaqlar sənə, yenə verdi. Oğlu qorxurdu ki, Məhəmməd oradan çıxsa, bunu məhkəməyə verər. Ona görə orada saxlatdırırdı. Axırda da başına bu iş gəldi...", – Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğını törətməkdə suçlanan 64 yaşlı Məhəmməd Məmmədovun bacısı Əsli Yəhyayeva belə deyir.

Bacısı onun günahsız olduğunu düşünür. Martın 2-də yanğından sağ çıxan Məmmədov oradan qaçıb bacısıgilə gəlib. Əsli Yəhyayeva deyir ki, qardaşının üst-başı cırıq, his içində idi: "Pul verdim, gedib ayağına başmaq, əyninə köynək aldı. Narkoloji dispanserlə bizim evin arası beş dəqiqəlik yoldur. Gedib paltar, bir də araq alıb gəlib, parkda içəndə tutub aparıblar. Oranı yandıran adam yaxınlıqda qalardımı? Oturub küçədə içərdimi?"

Əsli Yəhyayeva deyir ki, qardaşının ailəsilə münasibətləri soyuq olub, 20 il olar ki, bir-birinin evinə gedib-gəlməyiblər: "Məhəmmədin heç bir qohumu onlara getmirdi. Ancaq Məhəmməd özü çox mülayim adam idi, indiyədək övladlarına əl qaldırmayıb. Qardaşım mənimlə telefonla danışırdı, şikayətlənirdi ki, ailəsi, oğlu içmədiyi halda da, əl-qolunu bağlatdırıb, dispanserə saldırır, orada saxlatdırır".

Bacısının sözlərinə görə, qardaşı hadisə günü qaçıb onlara gələndə deyib ki, yanğından zorla canını qurtarıb, özü səs-küyə oyanıb, sonra mühafizəçilərlə birlikdə başqa xəstələrin çıxarılmasına da yardım edib.

Məmmədovun bacısı da, onun həyat yoldaşı da o fikirdədir ki, qardaşının kimsəsizliyindən istifadə edib, yanğını onun üzərinə qoyublar.

"Mən indiyədək Məhəmmədin heç bir pisliyini görməmişəm. Adi toyuq başı kəsə bilmir, 25 nəfərin ölümünə səbəb olan hadisəni necə törədə bilərdi?", – bacısının həyat yoldaşı Səlimxan Yəhyayev deyir.

Onun sözlərinə görə, Məhəmməd Məmmədov gileylənirdi ki, böyütdüyü oğul-qız ona baxmır, əksinə, "əyyaş" adı qoyub, illərlə Narkoloji Mərkəzdə saxlatdırır: "Oğlu Narkoloji Mərkəzdə tapşırmışdı ki, ona başqası yemək gətirsə, qəbul eləməsinlər. Biz yemək aparmaq üçün kağız almışdıq. Kağızın vaxtı bitəndə məndən yeməyi götürmədilər. Qəbuldakı katibə də, həkim Afət xanım da dedi ki, oğlu qoymur. Oğluna zəng elədim, dedi ki, yaxşı, həkimə tapşıraram. Sonra bir də həkimlə danışdım. Bu dəfə Afət xanım dedi k, katibəyə 20 manat ver, götürsün. Üstümdə o qədər pulum olmadığına görə çıxıb gəldim..."

Məhəmməd Məmmədovun oğlu Vahid Məmmədov məhkəmədə dindiriləndə atasını içkiyə meylli, qonşuları narazı salan şəxs kimi xarakterizə edib. Məhəmməd Məmmədov isə oğlunun yalan danışdığını bildirib. Deyib ki, Vahidi, hətta öz anası da məhkəməyə vermişdi.

Xatırlatma

Narkoloji Mərkəzdə yanğınla bağlı məhkəmə oktyabrın 29-da davam edəcək.

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir. Məhəmməd Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG