Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Ali Məhkəmə də ‘Nardaran-3’ məhbuslarına ‘yox’ dedi


Şərti olaraq, “Nardaran-3” adlandırılan iş üzrə mühakimə olunub, 12 il 3 aydan 17 ilə qədər həbslə cəzalandırılmış daha 12 nəfərin ölkədaxili hüquqi-müdafiə vasitələri tükəndi.

Noyabrın 16-da Ali Məhkəmə onlar haqqında qərar verib. Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarına əsasən, Nardaran məhbusları haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Təqsirləndirilən şəxslərin özləri məhkəmədə iştirak etməyiblər. Yalnız üç vəkil – Akif Əliyev, Zibeydə Sadıqova və Şəhla Hümbətovanın iştirakıyla onların kassasiya şikayətlərinə baxılıb.

Vəkillər aralarında ilahiyyatçı alim Zülfüqar Mikayılov, Elman Ağayevin də olduğu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrora çağırış, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd kimi ittihamların əsassız olduğunu bildiriblər.

Təqsirləndirilən şəxslərin günahsız olduğunu vurğulayan müdafiəçilər bildiriblər ki, onlardan bütün ifadələr ağır işgəncələr altında alınıb. İstintaq orqanı işgəncə altında imzalanmış və əslində, sübut qüvvəsi olmayan həmin yalan ifadələr əsasında ittiham verib. Vəkillərin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir araşdırma aparmadan, müdafiə tərəfinin vəsatətlərini təmin etmədən, sübutlarına əhəmiyyət vermədən ittihamı təsdiqləyib: “Sanki ittiham aktı hökmə köçürülüb”.

Vəkillər təqsirləndirilən heç bir cinayət törətmədikləri halda, üç ildir günahsız həbsdə saxlandıqlarını vurğulayaraq, onlara bəraət verilməsini istəyiblər.

Prokuror elə bir cümlə ilə kassasiya şikayətlərinin təmin olunmamasını, qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını istəyib.

Bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər kollegiyası da “Nardaran-3” üzrə hökmü qüvvədə saxlamış Bakı Apellyasiya Məhkəməsinin qərarını haqlı sayıb. Qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Məhkəmədən sonra vəkil Şəhla Hümbətova AzadlıqRadiosu-na bildirib ki, Ali Məhkəmənin qərarını əldə edən kimi Avropa Məhkəməsinə şikayət hazırlayıb göndərəcəklər.

Xatırlatma

Nardaranda 2015-ci il noyabrın 26-da ikisi polis olmaqla, 6 nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan bu 12 nəfərə ümumilikdə 160 il həbs cəzası verilib.

Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Elman Ağayev, Mehman Quliyev, Mübariz İbrahimov, Ramil Seyfullayev, Faiq Allahverdiyev 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Əli Hüseynov 12 il 3 ay azadlıqdan məhrum edilib.

Nardaran əməliyyatında “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG