Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:14

Nardaran məhbusunun səhhətinin pisləşdiyi deyilir


2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin öldüyü əməliyyat zamanı güllələnən və ardınca həbs olunan Cahad Babakişizadənin səhhətində ciddi problemlər yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na onun yaxınları danışıb.

"Cahad hadisə vaxtı ciyərindən zədə almışdı. Onun fəsadları bu gün də davam edir, ciddi müalicəyə ehtiyacı var. Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün iki dəfə həbsxana rəhbərliyinə müraciət edib. Amma köçürmürlər. Vəziyyəti də yaxşı deyil, müalicə olunmasa, daha da ağırlaşacaq", – ailə üzvləri belə deyir.

Həbs olunarkən 18 yaşı olan C.Babakişizadəyə 14 il 6 ay həbs cəzası kəsilib və hazırda Qobustandakı həbsxanada saxlanılır. O, 2018-ci ilin oktyabrında ora köçürülüb. C.Babakişizadə öncə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı. Lakin müəssisə rəhbərliyi onun daxili intizam qaydalarına əməl etməməsi iddiasıyla məhkəməyə müraciət edib, onun həbsxana rejiminə köçürülməsini istəmişdi. Qaradağ rayon Məhkəməsi də ərizəni təmin edib, onun üç il həbsxana rejiminə köçürülməsinə qərar vermişdi.

“Durumu stabildir”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na bildirib ki, məhkumun Müalicə Müəssisəsinə köçürülməsi üçün həkim rəyi olmalıdır. Əgər belə bir rəy varsa, onu heç kim saxlaya bilməz: "Biz özümüz də Penitensiar Xidmət olaraq, məhkumların sağlamlığında maraqlıyıq. Kimliyindən asılı olmayaraq, hər bir məhkumun normal şəraitdə cəza çəkməsinə çalışırıq. Məhkumların sağlamlığı, onların hansı şəraitdə müalicə olunması məsələlərində həkimlər qərar verir. Həkimlər isə Penitensiar Xidmətə tabe deyil, kimin necə müayinə və müalicə olunmasına onlar müstəqil şəkildə qərar verirlər".

Penitensiar Xidmətin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosu-na bildirib ki, C.Babakişizadənin durumu stabildir. Onun güllə yarası ilə əlaqədar əməliyyat olunduğunu təsdiqləyən rəis müavininin sözlərinə görə, hazırda onun həyatına təhlükə yoxdur:

"Əməliyyatdan sonra ciddi fəsad olmayıb. Hazırda da fizioloji göstəriciləri normaldır. Maraqlandım, məlum oldu ki, heç tez-tez şikayət edən deyil. Bu gün stasionar müalicəsi üçün elə bir əsas yoxdur".

İ.Qurbanov əlavə edib ki, əgər məhkum Müalicə Müəssisəsinə köçürülməsini istəyirsə, onunla danışıb, səbəbi aydınlaşdırıb, bu barədə qərar vermək olar.

Xatırlatma

C.Babakişizadə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinib məhkum edilsə də, özünü günahkar saymır. Bildirir ki, ittihamlar saxtadır. Məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçirilən gün evdə günorta namazına hazırlaşdığı vaxt qonşuluqda yaşayan Əbülfəz Bünyadovun evi tərəfdən səs gəlib. Nə baş verdiyi ilə maraqlanmaq üçün küçəyə çıxıb o tərəfə gedib və orada qara maskalı polislər tərəfindən sinəsindən güllələnib. Əlində qumbara olması barədə etiraf ifadəsinə gəlincə, bildirir ki, xəstəxanada reanimasiyada olarkən ona imzalatdırıblar.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.
Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG