Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

'Nardaran işi-2: 'Evimizdən heç nə tapmadılar, amma yazıblar ki, guya...'


"Nardaran işi" məhkəməsi qarşısında
"Nardaran işi" məhkəməsi qarşısında

Nardaran hadisələri ilə bağlı bir ilə yaxındır davam edən daha bir məhkəmə prosesi yekunlaşır. Söhbət “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfərin mühakimə edildiyi, şərti olaraq, “Nardaran işi-2” adlandırılan məhkəmədən gedir.

Bu işə 2017-ci ilin yanvarından Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 1-də hakim araşdırmaların yekunlaşdığını elan edib. Məhkəmə istintaqının tamamlanması haqda qərar verilib və prosesdə çıxışlar mərhələsi başlayıb. Amma prokuror çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib. Ona bir həftə vaxt verilib.

Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [video]

“Yalan şeylər yazıblar”

Məhkəmə istintaqı tamamlanmamışdan öncə təqsirləndirilən şəxslərdən İsa İbrahimovun atası Tofiq İbrahimov əlavə şahid qismində dindirilib. Deyib ki, Nardaran hadisələrindən bir müddət sonra – 2015-ci il dekabrın 17-də oğlu ona zəng eləyib, Kərbəladan qayıdarkən sərhəddə saxlandığını deyib: “Dərhal sərhəd-buraxılış məntəqəsinə getdim, maraqlandım ki, nə məsələdir, niyə buraxmırlar. Sərhədçilər Bakı ilə danışandan sonra onu buraxdılar, amma dedilər ki, evə yox, Astara Rayon Polis Şöbəsinə getməlidir. Ora da getdi. Həmin gecə onu Bakıya gətirdilər. Ertəsi gün – dekabrın 18-də Bakıdan “bandotdel”in işçiləri Lənkərana gəlib, evimizdə axtarış apardılar. Heç nə tapmadılar. Sonradan eşitdim ki, guya evdən silah, qumbara tapılması haqda yalan şeylər yazıblar”.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

Məhkəmədə həmçinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Həmzə Zahidov ifadə verib. O, iddia edib ki, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Nahid Qəhrəmanovdan silah-sursat tapılıb.

Amma Nahid Qəhrəmanov onun söylədiklərini təkzib edib. Deyib ki, o, qonaq olduğu evdə tutulub. Həmin ev də Nardaranda Sərdar Bünyadova məxsus olub: “İnandırıcı deyil ki, mən qonaq olduğum evdə silah-sursat saxlayım”.

Dekabrın 8-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Buna da bax: Nardaran sakini: 'Atamın məzarının şəklini paylaşdığıma görə həbs ediblər'

Xatırlatma

2015-ci ilin noyabrında Nardaranda baş verən hadisədən sonra yüzə yaxın adam həbs olunub. Onlardan 44 nəfərinə terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə ittiham verilib. Qalanları isə evlərindən silah tapılması, polisə müqavimət kimi suçlamalarla iki ildən 6 il 6 aya qədər həbs cəzası alıb.

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha 26 nəfərin işi üzrə üç ayrı məhkəmə prosesi davam edir.

Nardaran məhbusları” məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan “Nardaran məhbusları”ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG