Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:43

Hakimlər 'Nardaran işi-3' üzrə hökmü sonradan necə və niyə dəyişib?


Nardaran işi məhkəmə prosesi
Nardaran işi məhkəmə prosesi

Şərti olaraq, “Nardaran işi-3” adlandırılan 12 nəfərlik qrup, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev haqqında hökmə 15 gün sonra dəyişiklik edilib.

Hökmü çıxarmış hakimlər sonradan ayrıca bir qərar qəbul edərək, təqsirləndirilən şəxslərdən Z.Mikayılovun cəza rejimini ağırlaşdırıb. Hökmdə Mikayılovun 17 illik cəzanı ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulmuşdusa, yeni qərarda onun xüsusi rejimdə cəza çəkməsindən söhbət gedir. Bu haqda Z.Mikayılovun vəkili Şəhla Hümbətova məhkəmədə çıxış edərkən bildirib.

12 il 3 aydan 17 ilə qədər həbs cəzası almış bu 12 nəfərin hökmdən verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

“MƏHKUMUN VƏZİYYƏTİNİ AĞIRLAŞDIRMAQ OLMAZ”

Martın 2-də keçirilən məhkəmədə Ş.Hümbətova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətini ağırlaşdıran qərar dekabrın 22-də çıxarılıb. Vəkilin sözlərinə görə, hakimlərin hökmə sonradan özbaşına bu cür dəyişiklik etməyə ixtiyarı yoxdur: “Bu, çox ciddi qanunsuzluqdur. Ona görə də mən həmin qərarın ləğvi üçün ayrıca apellyasiya şikayəti vermişəm. Çünki hökm elan olunandan iki həftə sonra qanunda nəzərdə tutulmayan qərar çıxarıb, məhkumun vəziyyətinin ağırlaşdırmaqla faktiki olaraq özbaşına hökm dəyişdirilib. Bu özbaşınalığa “texniki səhvlərin düzəldilməsi” donu geyindirmək cəhdi də əbəsdir. Texniki səhvi düzəldəndə hökmün mahiyyətini dəyişmək, şəxsin vəziyyətini ağırlaşdırmaq yolverilməzdir. Bu həm də Zülfüqar Mikayılova qarşı qərəzin göstəricisidir”.

Buna da bax: Nardaran işi-3: ‘Mən Mixaylo deyiləm, Mikayılovam’

Ş.Hümbətova onu da bildirib ki, sözügedən qərarın qəbulu prosesi də pozuntularla keçib. Çünki bu haqda nə təqsirləndirilən şəxsə, nə də onun vəkilinə məlumat verilib: “Heç həmin qərar bu günə qədər vəkil olaraq, mənə və digər müdafiəçilərə də verilməyib. Kürdəxanı təcridxanasına gedib, hüquqlarını müdafiə etdiyim şəxslə görüşəndə o, mənə belə bir qərar gəldiyini dedi. Orada qərarı görəndən sonra məsələdən xəbər tutmuşam”.

Hakim Sahibxan Mirzəyev bildirib ki, həmin apellyasiya şikayəti də artıq Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Həmin şikayəti də bu işə birləşdirib, hökmdən verilmiş apellyasiya şikayətləri ilə birlikdə baxılacaq.

Məhkəmədə həmçinin təqsirləndirilən şəxslərin məhkəmənin qərarı bəlli olana qədər ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə məhkəmə istintaqı keçirilməklə (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) haqda vəsatətlər qaldırılıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Bu iş üzrə məhkəmə baxışı isə martın 12-nə təyin edilib.

Buna da bax: Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG