Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:12

'Nardaran işi-3': 'Əliyevlərin vəkili olmuşam, indi mənə 'terrorçu' deyirlər'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibinin əmisi Eldar Bünyadov da hadisədən sonra həbs olunmuşdu.

İki ildir həbsdə olan 66 yaşlı Bünyadov Nardaran hadisələrindən sonra saxlanılan və ağır maddələrlə ittiham olunan 42 nəfərdən biridir. O, Nardaran işi üzrə üçüncü qrupun tərkibində, ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və daha doqquz nəfərlə birlikdə mühakimə olunur.

On bir aydır Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən proses yekunlaşmaq üzrədir. Hazırda hökmdən öncəki son mərhələdir – təqsirləndirilən şəxslər son sözlərinin deyirlər.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Noyabrın 6-da keçirilən məhkəmədə E.Bünyadov son sözünü deyib. Bildirib ki, ona və birlikdə hakim önünə çıxarılan digərlərinə verilən terrorçuluq, dövlət çevrilişinə cəhd kimi ittihamlar böhtandır. Polis əməliyyatı mərhum qardaşının evində keçirilsə də, nə hadisə günü özü orada olub, nə də olanlardan xəbəri var.

“Göyərti satan adamlar nə vaxtdan terrorçu olub?!”

E.Bünyadov yada salıb ki, vaxtilə seçkilərdə mərhum prezident Heydər Əliyevin və onun oğlu, indiki dövlət başçısı İlham Əliyevin vəkili olub. Deyir ki, Əliyevlərin vəkilinə indi “terrorçu” damğası vururlar: “Mənim Nardaranda düzəltdiyim ambulatoriyada xəstələrə tibbi yardım göstərilir. Mən Nardarana su, işıq çəkdirmişəm, orada bir çox tanınmışların yubileyini keçirmişəm. Həmişə ictimai işlərdə iştirak eləmişəm. Heydər Əliyevin, İlham Əliyevin vəkili olmuşam. Bu qədər işləri görən mən terrorla məşğul olmağa görəsən, necə imkan tapdım? Çox narahatam ki, mənə terrorçu adını qoyublar”.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

E.Bünyadov deyir ki, oğlu Dövlət Sərhəd Xidmətində işləyirdi, həbsindən dərhal sonra onu işdən çıxarıblar: “Oğluma deyiblər ki, “atan terrorçudur, dövlət çevrilişinə cəhd eləyib”. Çevrilişi o adam eləyər ki, pulu, vəzifəsi var. Göyərti satan adamlar, kənd adamları nə vaxtdan dövlət çevrilişi eləyən olub? Bizə böhtan atıblar. Biz elmli, ibadətli insanlarıq. Bizə atılan böhtanları Allah götürməz. Bizi ittiham edən adamlar ölkə başçısına da xəyanət edirlər. Mənim 66 yaşım var, uzağı, 5-6 il ömrüm qalıb. Ölsəm, qəbirdə də narahat olacam ki, məni dövlət çevrilişində ittiham ediblər. Mənə deyirlər ki, mitinqdə iştirak eləmisən, hansı mitinqdə? Mən heç bilmirəm ki, mitinq harada keçirilir”.

“Bizə, ailələrimizə, şəxsiyyətimizə qarşı terror elədilər”

Digər təqsirləndirilən şəxslərdən Ramil Seyfullayev də ittihamların böhtan olduğunu, heç bir günahları olmadığı halda, iki ildir həbsdə saxlandıqları deyir. Seyfullayevin sözlərinə görə, əksinə, onların özləri, ailələri terrora məruz qalıb:

Buna da bax: Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

“Terrorun mənası qorxu yaratmaqdısa, bunu elədilər. Amma qorxunu biz yox, özləri yaratdılar. Evlərimizə silah atmaqla, insanları hədələməklə. Kənd camaatı arasında qadınlar, uşaqlar var ki, qorxudan dilləri tutulub, hələ də kəkələyə-kəkələyə danışırlar. Adamların evlərinə zorla basqın elədilər. Bizim özümüzə, ailələrimizə, şəxsiyyətimizə qarşı terror elədilər. Biz din adamıyıq. Bizə atılan böhtanları, vurulan ləkəni Allah da götürməz”.

“Bizə böhtan atanlarda Allah qorxusu yoxdur?”

Daha bir təqsirləndirilən Ruzi İsmayılov deyir ki, 11 aydır davam edən məhkəmə onların günahsızlığını ortaya qoydu. Buna baxmayaraq, prokuror onlara 14 ildən 16 ilə qədər cəza istədi: “Bu, qırx səkkizinci məhkəməmizdir. Bu məhkəmələr əslində, bizim xeyrimizə oldu. Dindirilən polislərin hamısının ifadələri ziddiyyətli oldu. Çox təəssüf ki, buna baxmayaraq, prokuror yenə də bizə 14 ildən 16 ilə qədər cəza istədi. Biz Peyğəmbərimizin davamçılarıyıq, bizim məktəbimizdə terrora yer yoxdur. Terror cahil insanların işidir. Görəsən, bizə bu böhtanı atanların ürəyində heç Allah qorxusu yoxdur?”

Buna da bax: Nardaran işi-3: ‘Mən Mixaylo deyiləm, Mikayılovam’

R.İsmayılov çıxışının sonunda Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyasından ədalətli qərar gözlədiyini deyib: “Birinci Allahın, sonra isə siz hakimlərin ədalətinə sığınıram. Bilirəm ki, buradakı hakim də dindardır, oruc tutur. İnanıram ki, bizim haqqımızda doğru, ədalətli qərar verəcəksiz”.

Digər təqsirləndirilən şəxslər son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Onlara noyabrın 13-nə qədər vaxt verilib.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG