Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

'Nardaran işi-2': İcra başçısı və prokurorun dindirilməsi istənilir


"Nardaran işi" məhkəməsi qarşısında
"Nardaran işi" məhkəməsi qarşısında

Lənkəranın icra başçısı Taleh Qaraşov və Sabunçu rayonunun prokuroru Ceyhun Şirinovun məhkəmədə dindirilməsi tələb olunur.

Müsəlman Birliyi Hərəkatının sədr müavini, həbsdə olan ilahiyyatçı Elçin Qasımovun vəkili Fariz Namazlı oktyabrın 27-də məhkəmədə bu haqda vəsatət qaldırıb.

Elçin Qasımov daha 11 nəfərlə birlikdə on aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Nardaran hadisələri ilə əlaqədar bu adamlar terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama da daxil, 10-dan çox ağır maddə ilə ittiham olunur.

HAL ŞAHİDİ KİMİ PUL ALIBMI?

Məhkəmədə vəkil Fariz Namazlı ümumilikdə 23 vəsatət qaldırıb. Amma bundan öncə Elnur Məmmədov adlı şahid dindirilib. O, Müsəlman Birliyi Hərəkatının ofisində keçirilən axtarışda iştirak edib: "Məni ofisə baxış keçiriləndə sahə müvəkkili dəvət elədi. İçəridə polislər var idi, təxminən 15 nəfər. Polislər video çəkirdilər. Ofisdə stol, stul və dini kitablar var idi. Polislər Quranı və başqa kitabları apardılar".

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

Vəkil İradə Cavadova ondan soruşub ki, hal şahidi kimi iştirak etmək üçün ona pul veriblər? Amma hakim bu sualın cavablandırılmasına imkan verməyib, sual çıxarılıb.

Ardınca Fariz Namazlı vəsatətlərini elan edib. Vəkil Sabunçu rayon prokurorunun dindirilməsi haqda vəsatətini əsaslandırarkən deyib ki, Elçin Qasımov 2015-ci il noyabrın 5-də həbs olunandan sonra ona, eləcə də onun buraxılması tələbi ilə Sabunçu Rayon Polis İdarəsinin qarşısında həmin gün aksiya keçirən bir neçə nəfərə inzibati həbs cəzası verilməsi haqda qərarlar çıxarılıb. Noyabrın 26-da altı nəfərin öldüyü əməliyyatdan sonra prokurorluq protest verib, onların haqqında cinayət işi başlanıb. Vəkilin sözlərinə görə, Elçin Qasımov, Ağaəli Yəhyayev və Elxan İsgəndərovla bağlı protestlərin mətni şablon olub. Elçin Qasımovla bağlı protestdə yazılıb ki, guya, o da idarənin qarşısında aksiyada iştirak edib. Halbuki, o, həmin vaxt saxlanmışdı və ora toplaşanlar onun buraxılmasını tələb edirdi.

Buna da bax:​ Nardaran-2: ‘Yazdım ki, guya məndən silah çıxıb’

“İCRA BAŞÇISININ BELƏ SƏLAHİYYƏTİ YOXDUR”

Lənkəranın icra başçısının dindirilməsinə gəlincə, vəkil deyir ki, Taleh Qaraşov təqsirləndirilən şəxs İsa İbrahimov haqda xasiyyətnamə verib: "Xasiyyətnamədə də İsa İbrahimovu "radikal dini ekstremist", "cəmiyyətə zərərli ünsür" adlandırıb. Əvvəla, icra başçısının belə xasiyyətnamə vermək səlahiyyəti yoxdur. Ona görə də həmin sənəd sübutlar siyahısından çıxarılmalı, icra başçısı da belə sənəd verməsini gəlib burada əsaslandırmalıdır".

Elçin Qasımov vəkilinin vəsatətlərinə münasibət bildirərkən özü də şifahi vəsatət qaldırıb: "Xəzər TV"də Taleh Bağırzadə, Zülfüqar Mikayılov və mənim şəklimi göstərib, bizi "terrorist" kimi təqdim ediblər. Xahiş edirəm, "Xəzər TV"nin əməkdaşları dəvət olunsun. Görək bu məlumatı onlara kim ötürüb”.

Vəsatətlərin sayı çox olduğundan prokuror rəy bildirmək üçün vaxt istəyib. Məhkəmə ona noyabrın 10-na qədər vaxt verib.

Buna da bax:​ “Dedilər ki, bura qol çək, atanı buraxaq”

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG