Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:44

17 il həbs cəzası kəsilmiş ilahiyyatçı barədə qərar dəyişdirildi


Şərti olaraq, “Nardaran işi-3” adlandırılan 12 nəfərlik qrup, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev haqqında hökmə qəbul olunduqdan 15 gün sonra dəyişiklik edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü çıxarmış hakimlər sonradan ayrıca bir qərar qəbul edərək, təqsirləndirilən şəxslərdən Z.Mikayılovun cəza rejimini ağırlaşdırmışdı. Hökmdə Mikayılovun 17 illik cəzanı ciddi rejimli müəssisədə çəkməsi nəzərdə tutulmuşdusa, yeni qərarda onun xüsusi rejimdə cəza çəkməsindən söhbət gedir.

Z.Mikayılovun vəkili Şəhla Hümbətova həmin qərardan da ayrıca apellyasiya şikayəti vermişdi. Həmin şikayət də “Nardaram işi-3” üzrə hökmdən verilmiş apellyasiya şikayətlərinə birləşdirildi.

Bakı Apellyasiya Məhkəməsində “Nardaran işi-3”ə baxan hakim Sahibxan Mirzəyev aprelin 6-da Ş.Hümbətovanın sözügedən şikayətinin təmin edildiyini və Z.Mikayılovun cəza rejiminin ağırlaşdırılması ilə bağlı qərarın ləğv olunduğunu açıqlayıb.

Məhkəmədə Nardaran məhbuslarının vəkilləri Zibeydə Sadıqova, Şəhla Hümbətova, Ramiz Məmmədov çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərin günahsız, onların 12 il 3 aydan 17 ilə qədər həbsinə dair hökmün isə qanunsuz olduğunu bildiriblər.

Onlar deyiblər ki, birinci instansiya məhkəməsi ittiham aktını olduğu kimi hökmə köçürüb, ortada ittihamları təsdiqləyən heç bir mötəbər sübut yoxdur.

Aprelin 13-də keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin özləri danışacaqlar.

Xatırlatma

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir.

Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər bu hökmlə razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG