Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Narazı ailələr yenidən Prezident Administrasiyası önündə


Narazı ailələr Prezident Administrasiyası önündə. 30 oktyabr 2018
Narazı ailələr Prezident Administrasiyası önündə. 30 oktyabr 2018

Qarabağ uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin ailə üzvləri, bu gün, oktyabrın 30-da yenidən Prezident Administrasiyası önünə toplaşıblar.

Onlar ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan insanlara verilən birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər.

Onlar bundan əvvəl də bir neçə dəfə Milli Məclisin, Prezident Administrasiyasının və başqa dövlət qurumlarının qarşısına toplaşaraq şikayətlərini səsləndiriblər.

Həmin ailələrinin təmsilçilərindən Sevinc Quluzadə deyib ki, bu dəfə narazı ailələr Milli Məclis önünə getməkdən imtina ediblər: «Yəni, parlamentin bu məsələni həll etmək gücü yoxdur, ona görə də Milli Məclisə getməkdən imtina etdik».

100-ə yaxın ailə təmsilçisinin toplaşdığını deyən S.Quluzadə onları, hələlik, qəbul edənin olmadığını bildirib. «Bizi qəbul otağında bir şəxs qarşılayır. Hər dəfə məsələnin həll ediləcəyini deyir, amma məsələ hələ də həllini tapmayıb».

Xatırlatma

Prezident İ.Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bir qrupu birdəfəlik müavinət ala bilmədiklərindən şikayətləniblər. Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını uyğun sayta daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə isə, eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar.

Şikayətçiləri Milli Məclisin bir neçə deputatı da qəbul etmişdi.

Bunun ardınca Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məsələyə münasibət bildirmişdi. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulamışdı: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb...».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bildirirdi ki, şikayətçilərin bəzilərinə birdəfəlik ödəmə verilib. Bəzi şikayətlərlə bağlı isə araşdırmalar davam edir.

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG