Şərqi Əfqanıstanda yaraqlıların tikinti şirkətinə hücumu zamanı azı 17 nəfər öldürülüb.
Nanqərhar vilayəti valisinin sözçüsü Attaullah Khogyani martın 6-da deyib ki, əvvəlcə intiharçı Cəlalabad şəhərində yerləşən şirkətin qapısında bomba partladıb.
Bunun ardınca dörd silahlı şirkətin yerləşdiyi şəhərciyə daxil olub. Daha sonra onlarla təhlükəsizlik qüvvələri arasında saatlarla çəkən atışma olub.
Sözçü bildirir ki, hadisə zamanı öldürülənlərin 10-u Entire Builders and Engineers şirkətinin işçiləridir.
Khogyani deyib ki, hücum edənlərin 5-i də öldürülüb.
Vilayət şurasının üzvü Ajmal Omar hücum zamanı 18 nəfərin öldüyünü bildirir. Daha üç nəfərin vəziyyəti kritikdir.
Şirkət Cəlalabad aeroportunun yaxınlığında, ABŞ və Əfqan qüvvələrinin bazası olan ərazidə yerləşir.
Bu hücuma görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib. Lakin bu bölgədə, xüsusilə də Nanqərhar vilayətində həm Taliban, həm də İslam Dövləti adlı ekstremist təşkilatı fəaldır.
Taliban bu hücumla hər hansı bir əlaqəsinin olduğunu inkar edib.
Bu hücumun baş verdiyi əsnada ABŞ və Taliban nümayəndələrinin Qatarda keçirilən sülh danışıqları davam edirdi. Danışıqlardan məqsəd Əfqanıstanda 18 ildir ki, davam edən müharibəyə son qoyulmasıdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino martın 5-də jurnalistlərə deyib ki, “danışıqlar gündəlik əsasda davam etdirilir və müəyyən irəliləyişlər var”.
Sözçü bildirib ki, danışıqlarda bir-birinə bağlı dörd məsələ müzakirə edilir: terrorizm, qoşunların çıxarılması, əfqanlararası dialoq və atəşkəs.
ABŞ dövlət katibi Mike Pompeo martın 5-də ümid etdiyini bildirib ki, Qatarda gedən danışıqlar bir neçə həftəyə onun da bu prosesə qoşulmaq üçün ora getməsini zəruri edəcək.
Bu danışıqlar hətta Talibanın Helmand vilayətindəki ordu bazasına hücumundan sonra da dayandırılmayıb. Həmin hücumda 25 əsgər öldürülmüşdü.