Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:14

Prezident Reagan-ın yarım əsr sevdiyi qadın vəfat etdi


Prezident Reagan və birinci ledi Nancy Reagan 1981-ci ildə, seçki qələbəsi paradında
Prezident Reagan və birinci ledi Nancy Reagan 1981-ci ildə, seçki qələbəsi paradında

Keçmiş ABŞ birinci ledisi Nancy Reagan Kaliforniyada, 94 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Onun Ronald Reagan-a 52 illik evliliyi, bir vaxtlar Ağ Evin ən böyük məhəbbət əfsanəsi adlandırılmışdı.

Nancy Reagan 1981-1989-cu illərdə ABŞ-ın ən nüfuzlu birinci xanımlarından olmuşdu. O əvvəlcə Ağ Evin təmirinə xərclərdə israfçılıq etdiyinə görə tənqid edilsə də, sonralar Amerikanın ən çox sevilən simalarından biri kimi tanınmışdı.

Xəbər verilir ki, Nancy Reagan Kaliforniyada, Simi vadisindəki Ronald Reagan kitabxanasının ərazisində, ərinin yanında dəfn ediləcək.

Sevən kişinin yanında

ABŞ prezidenti Barack Obama deyib ki, xanım Reagan “birinci lediliyə” məna yükü vermiş və onun rolunu formalaşdırmış ilk qadın olub.

Prezident Barack Obama və birinci ledi Michelle Obama yazırlar: “Nancy Reagan bir vaxtlar yazmışdı ki, heç kəs Ağ Evdə yaşamağa hazırlıqlı ola bilməz. Əlbəttə, o haqlı idi. Lakin bizim bəxtimiz gətirmişdi ki, onun nümunəsindən faydalanmışdıq…”

1952-ci il. Böyük yolun başlanğıcı
1952-ci il. Böyük yolun başlanğıcı

Stepson Michael Reagan isə nənəsinin ölümünü Tvitter postu ilə qeyd edib: “Mən nənəm Nancy Reagan-ın vəfatından kədərlənmişəm…O indi sevdiyi kişinin yanında olacaq. Allah rəhmət eləsin…”

İsrail baş naziri Benjamin Netanyahu yazır: “Mən Nancy-ni prezident Reagan-ı dəstəkləmiş və daim onun yanında dayanmış nəcib bir qadın kimi tanıyıram. O, İsrail dövlətinin böyük dostu kimi yaddaşlarda qalacaq”.

Ronald Reagan kimi Nancy də həyat yoluna Hollywood-dan başlamışdı. Qız familiyası Davis olan Nancy 1940-50-ci illərdə aktrisa idi və 1952 ildə aktyor Reagan-a ərə getmişdi.

Bundan sonra Ronald Reagan-ın siyasətçi, xanım Reagan-ın isə “birinci ledilik” missiyası başlanıb.

O, 1967-ci ildən 1975-ci ilədək, Kaliforniya qubernatorunun birinci ledisi kimi xidmət göstərib və nəhayət ərinin seçki qələbəsindən sonra 1980-ci ildə Ağ Evin sahibəsi olub.

Tarixçilər bildirirlər ki, onun birinci ledi kimi formlaşmasında xələflərindən birinin - Jackie Kennedy-nin böyük təsiri olub.

“Mən ərini sevən bir qadınam…”

O Ağ Evin təmirinə böyük pulların xərclənməsinə sərəncam verib, özü isə 1 milyon dollar dəyərində dizayner paltarları ilə bəzənib. Onun 4732 predmetdən ibarət qab-qacağının ümumi dəyəri 209 min dollar idi.

Məhz buna görə də amerikalıların işsizlikdən əzab çəkdikləri bir vaxtda birinci ledinin geninə-boluna yaşaması onun özünün və ərinin tənqidinə səbəb olurdu.

Ronald və Nancy Reagan. 1964. Kaliforniya
Ronald və Nancy Reagan. 1964. Kaliforniya

Bu tənqidlərin içərisində xanım Reagan-ın şəxsiyyət kimi soyuqluğu və biganəliyi, astrologiyaya həddən-ziyadə aludəçiliyinə dair iddialar da vardı. Bəzi məlumatlara görə 1987-ci ildə administrasiya rəhbəri Donald Regan-ın vəzifəsindən uzaqlaşdırılmasını da məhz birinci ledi əmr etmişdi.

"Mən düşünürəm ki, birinci ledi prezidentin təcrid olunmasının qarşısını almaq vasitəsidir – deyirdi xanım Reagan, - Mən adamlarla söhbət edirəm. Onlar mənə bəzi şeyləri deyirlər. Əgər onların dediklərində problemə çevriləcək bir şey varsa, mən, əlbəttə administrasiya adamlarına zəng edib vəziyyəti öyrənirəm. Mən ərini sevən bir qadınam və onun şəxsi və siyasi rifahının müdafiəsi üçün heç nədən çəkinmərəm”.

Mən ərini sevən bir qadınam və onun şəxsi və siyasi rifahının müdafiəsi üçün heç nədən çəkinmərəm

Reagan-ın birinci prezidentlik müddətində onun administrasiyasına rəhbərlik etmiş James Baker bazar günü verdiyi bəyanatda deyib ki, “Nancy Reagan ərinin ən yaxın dostu, daimi mühafizəçisi, ən mühümü onun həyat eşqi idi”.

Nancy Reagan-ın birinci lediliyi dövründə ən yaddaqalan kampaniyası “Narkotiklərə Yox Deyək” (Just say No) olmuşdu.

Ata kimi qayınatalıq

Əri 2004-cü ildə Alzheimer xəstəliyindən vəfat etdikdən sonra Nancy Reagan bu xəstəliyin öyrənilməsi və pasientlərə yardım üçün fondtoplama kampaniyası aparırdı.

Ayrılıq
Ayrılıq

O, bu yolda hətta gövdə hüceyrələri tədqiqatlarına şübhə ilə baxan respublikaçılarla üz-göz olmuşdu.

Xanım Reagan 2004-cü ildə yazırdı: “Uzun səyahət Ronnie-ni artıq mənim əlim çatmaycaq məkana aparıb. Odur ki, mən başqa ailələrə kömək etməliyəm”.

O, 1921-ci il, iyulun 6-da Nyu Yorkda, dağılmaqda olan bir ailədə Anne Frances Robbins kimi dünyaya gəlmişdi.

Avtomobil alveri ilə məşğul olan atası anası ilə ayrıldıqdan sonra aktrisa Edith Luckett Robbins 1929-cu ildə neyrocərrah Loyal Davis-ə ərə getmişdi. Həkim qıza nəinki soyadını, hətta əsl atalıq qayğısını verə bilmişdi. Hətta deyilənlərə görə, gələcək kürəkəni Ronald-ın demokrat cəbhədən respublikaçıların sıralarına keçməsində də əsas rolu o oynamışdı.

Sevgidən böyük sevgi

Anna Davis filmlərə 1949-cu ildən çəkilməyə başlamışdı. Ronald Reagan başqa bir aktrisadan - Jane Wyman-dan 1948-c ildə boşanmışdı. Onların Maureen adlı qızları və övladlığa götürdükləri Michael adlı oğulları vardı.

Sən harasa gedəndə, mən oturub gözləyirəm ki, qayıdasan və mən yenidən yaşaya bilim…

O vaxtlar Ronald Reagan Kino Aktyorları Gildiyasının başçısı idi, Davis-i isə kommunistlərə rəğbətdə ittiham etmişdilər. O Ronalda kömək üçün müraciət etmiş, sonradan onun qara siyahıya səhvən salındığı bəlli olmuşdu. Amma iki aktyor talelərini həmişəlik bağlamışdılar.

Ronald və Nancy Reagan 1952-ci ildə evlənmişdilər, iki övladları olmuşdu. Patti Davis hazırda aktrisadır, oğul Ronald isə balet və televiziya sahələrində məşğul olub.

Ronald Reagan arvadına sonsuz-hesabsız məktublar yazan birisi kimi tanınırdı.

Məktublarından birində yazırdı: “Mənim sənə sevgim sevgidən də böyükdür. Mən sənsiz bütöv deyiləm. Sən mənim üçün həyatın özüsən. Sən harasa gedəndə, mən oturub gözləyirəm ki, qayıdasan və mən yenidən yaşaya bilim…”

Deyəsən, böyük bir gözləntiyə son qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG