Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:24

Namizədlərin aksiyasında saxlananlar buraxılıb (VIDEO)


"Saxlanılanlar arasında döyülənlər var, bir nəfərin qabırğası sındırılıb"
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

"Saxlanılanlar arasında döyülənlər var, bir nəfərin qabırğası sındırılıb"

Mustafa Hacıbəyli: «Mənə dedi ki, orada-burada yazırsan ki,...»

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bu gün, fevralın 12-də Binəqədi rayon Polis İdarəsinə çağırıldığını bildirir. Bu barədə M.Hacibəylinin özü AzadlıqRadiosuna məlumat verib.

M.Hacıbəylinin sözlərinə görə, onu idarənin rəis müavini qəbul edib: «Mənə dedi ki, orada-burada yazırsan ki, polis tərəfindən sənə zorakılıq olub. Elə hal olmayıb və polis sənə təzyiq göstərməyib».

M.Hacıbəylinin dediyinə görə, polis idarəsində olması cəmi 10 dəqiqə çəkib və bundan sonra sərbəst buraxılıb.

Bu deyilənlərə, hələlik, Binəqədi rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Ərzulla Buludov yenidən müayinədən keçmək istəyir

Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Ərzulla Buludov AzadlıqRadiosuna deyib ki, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) önündə namizədlərin aksiyasında saxlanarkən polisin fiziki zorakılığına məruz qalıb. «Hələ indi ağrılar var. Ağrıkəsicilər vurdurmuşam, bir az ağrılar azalıb», - Ə.Buludov bildirib. Onun sözlərinə görə, elə fevralın 11-də gecə müayinə üçün 1 saylı Klinik Tibbi Mərkəzinə gətirilib. Ə.Buludov vurğulayıb ki, müayinə zamanı həkimlərin başı üzərində polislər durub: «Müayinə olsa da, nəticələri sənəd olaraq mənə vermədilər. Nə kardioqramanı, nə USM-nin (Ultrasəs Müayinəsi) nəticəsini, heç nə vermədilər. Xəstəxananın arxa qapısından məni apardılar. Həkimlər buna etiraz etdilər ki, hələ müayinə tamamlanmayıb, hələ xəstəxanada qalmalıyam. Amma onlar israr edərək məni çıxardılar. Qapıdan çıxarıb polis maşınına oturtmaq istəyəndə Müsavat Partiyası üzvləri gördülər və polislərin əlindən alıb məni evə gətirdilər».

Ə.Buludov deyib ki, hələ də sinəsində ağrılar var: «Bir də şübhələndiyim bir məsələ var. Mən qarın əməliyyatı keçirmişəm. Həmin əməliyyat olan yerdə sızıltılar var. Yırtıq əmələ gəlməsindən şübhələnirəm. Yenidən həkim müayinəsinə getmək istəyirəm».

Onun bu dediklərinə, hələlik, nə 1 saylı Klinik Tibbi Mərkəzindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Amma Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi Elşad Hacıyev APA agentliyinə bildirib ki, Ərzulla Buludov və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə deyilənlər əsassızdır: «Hər iki şəxs polisin təşəbbüsü ilə müvafiq həkim müayinəsindən keçirilib. Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb».

M.Hacıbəylinin dediyinə görə, saxlanarkən döyülüb
M.Hacıbəylinin dediyinə görə, saxlanarkən döyülüb

Mustafa Hacıbəyli də buraxılıb

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli də sərbəst buraxılıb.

Bu barədə onun özü bildirib.

Mustafa Hacıbəylinin vurğulamasına görə, saxlanarkən döyülüb.

Amma onun bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Az əvvəl Mustafa Hacıbəylinin buraxılmadığı bildirilirdi.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Müstafa Hacıbəylinin yerini isə yaxınları bilmirlər.

Onun da deputatlığa namizədlərin otraq aksiyası zamanı saxlandığı deyilirdi.

“Turan” agentliyinin xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Mustafa Hacıbəylinin saxlanması məlumatını təsdiqləyib, lakin onun yeri haqqında məlumat verilməyib.

Üstəlik, Daxili İşlər Nazirliyindən saxlananlara fiziki zor tədbiq edilməsi ilə bağlı deyilənləri təsdiqləməyiblər.

***

Bundan əvvəlki xəbərlərdə deyilirdi ki, aksiyada saxlanan və avtobusa mindirilənlər sərbəst buraxılıb. Verilən məlumata görə, onlar Bibiheybət yolunda düşürülüblər.

Saxlananlar buraxıldıqdan sonra AzadlıqRadiosuna deyiblər ki, avtobusda onları ağır ifadələrlə təhqir ediblər.

Onlardan Müsavat Partiyasının üzvü Ərzulla Buludovun vəziyyətinin isə ağır olduğu açıqlanıb. O,da bu gün, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya zamanı saxlanmışdı. Ona ağır fiziki xəsarət yetirildiyi bildirilir.

Müsavat Partiyanın başqan müavini Gülağa Aslanlı qeyd edib ki, Ərzulla Buludovu digər saxlananlarla birlikdə avtobusla aparırblar, lakin sonra avtobusu saxlayıb həkimləri çağırıblar:

"İndi Ərzulla bəyə həkimlər baxır və xəstəxanaya aparmaq lazım olduğunu bildirirlər".

Bu deyilənlərə isə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Turan” agentliyinə bəzi deputatlığa namizədlərin və onların müşahidəçilərinin oturaq aksiyasının dağıdılmasına münasibət bildirib.

Ehsan Zahidov deyib ki, həmin aksiya qanunsuz olub və iştirakçılar polisin qanuni tələblərinə riayət etməyiblər.

Onun sözlərinə görə, polis bu üzdən qanunsuz aksiyanın qarşısını alıb.

O saxlananların arasında jurnalistlərin olmasını təsdiqləməyib.

MSK önündə saxlanan etirazçılar naməlum istiqamətə aparılır
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdakı binası qarşısında növbədənkənar parlament seçkilərində namizəd olan bəzi şəxslərin və onların müşahidəçilərinin oturaq aksiyası saat təqribən 20:20 radələrində sərt formada dağıdılıb.

Aksiyanın dağıdılmasında polislərlə yanaşı mülkü geyimli şəxslər də iştirak edib.

Bu hadisədən əvvəl isə namizədlərdən Turqut Qəmbər, Azər Qasımlı beynəlxalq müşahidəçilərlə birgə MSK binasına daxil olublar.

Aksiyanın dağıdılmasına da bundan sonra başlanıb.

Polis MSK qarşısındakı etirazı dağıtdı
Gözlə

No media source currently available

0:00 0:13:51 0:00

Oturaq aksiya keçirənlər əsasən adyallara bürünmüş olublar, əllərində “ İslahat budur” sözləri yazılmış şüarlar tutublar.

Aksiya iştirakçıları və eləcə də ərazidə olan jurnalistlərin bir çoxu saxlanaraq 171 saylı avtobusa mindiriliblər. Bu zaman onların bəzilərinə fiziki güc də tətbiq edilib.

Avtobsuun daxilindən belə aksiya iştirakçıları şüarlar səsləndiriblər. Avtobusun pəncərəsini açaraq oradan yerdəki jurnalistlərə bildirilib ki, aralarında bir nəfərin halı pisləşib.

Saxlanan deputatlığa namizədlərdən birinin bildirməsinə görə, onları avtobusla Bayıl istiqamətinə aparıblar. Amma onun sözlərinə görə, hələ də buraxılmayıblar.

O qeyd edib ki, avtobusdakı jurnalistlərdən Aynur Elgünəşin vəziyyəti pisdir, o xəsarət alıb.

Aksiya dağıdılmazdan əvvəl ona qatılan namizədlərin sayının artdığı bildirilir.

Baş verənlərə və bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb

Amma aksiya dağıdılmazdan əvvəl, əraziyə gələn polislər bunun qanunsuz olduğunu bildirmişdilər.

Onlar oturaq aksiyanın dayandırılmasını istəmişdilər.

Aksiya iştirakçıları da vurğulamışdılar ki, qanunsuzluq edənlər onlar yox, seçkini saxtalaşdıranlardır.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdakı binası qarşısında növbədənkənar parlament seçkilərində namizəd olan bəzi şəxslərin oturaq aksiyası davam edir.

Axşam saatlarında aksiya ərazisinə çadır gətirilsə də, polisin onun quraşdırılmasına imkan vermədiyi bildirilir.

Aksiya iştirakçılarının AzadlıqRadiosuna verdikləri məlumata görə, polis əraziyə kənar şəxsləri, onlara dəstək vermək istəyənləri buraxmır.

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Milli Məclisə növbədənkənar seçkilərdə 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olmuş Rəbiyyə Məmmədova bu gün, fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya başlayıb.

R.Məmmədovanın sözlərinə görə, o bu aksiyanı seçki zamanı baş verən pozuntulara etiraz olaraq keçirir: «Seçki zamanı bizim hüquqlarımız pozulub. Buna etiraz olaraq öz konstitusion hüququmdan istifadə edərək oturaq aksiyaya başladım. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin nəticələri ləğv olunmayana qədər burada oturub etirazımı bildirəcəm».

Bir müddət sonra aksiyaya 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Elman Quliyev də qoşulub. E.Quliyevin sözlərinə görə, seçkidə onlara protokollar verilməyib, məntəqələrin əksəriyyətindən müşahidəçiləri qovulub.

Ərazidə olan polislər, hələlik, onlara müdaxilə etməyiblər.

Namizədlərin bu açıqlamalarına MSK və dairə seçki komissiyasından konkret münasibət almaq mümkün olmayıb.

Amma MSK katibi Mikayıl Rəhimov ora gələrək R.Məmmədovanı və E.Quliyevi binaya dəvət edib. Lakin onlar bu təklifdən imtina ediblər. «Nə qədər biz onların ayağına, qəbuluna gedəcəyik? Bələdiyyə seçkilərində saatlarla gözləmişik, qəbul etmirdilər. İndi isə gəlsinlər xalqın ayağına», - R.Məmmədova bildirib. O, bundan əvvəl 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində də namizəd olmuşdu.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb.

Artıq bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.


«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... », - rəydə vurğulanıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə onlara belə cavab verib: «...Bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü büruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Onlardan Milli Şura və bəziləri bu seçkiləri boykot edib. Onlar deyiblər ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsindən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və MSK təmsilçiləri belə fikirləri əsassız sayırlar.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG