Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:47

MSK sədri namizədlərin əmlakını açıqlamalarını istəyir


Məzahir Pənahov
Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə qatılmış namizədləri əmlakları barədə məlumat verməyə dəvət edib.

Bu barədə “Turan” agentliyinə Mərkəzi Seçki Komissiyasından məlumat veriblər.

Qurumdan bildirildiyinə görə, Məzahir Pənahov vurğulayıb ki, deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlaklarını gizlətməməlidirlər:

"Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər".

Son günlər müxalifətdən olan bəzi namizədlər hakim düşərgədən olan opponentlərindən əmlak və gələrlərini açıqlamalarını istəyiblər.

Onlar bununla bağlı seçki komissiyalarına da üz tutublar. Amma hələlik, qarşı tərəfdən bu çağrışa hər hansı münasibət bildirilməyib.

Xatırlatma

2019-cu ilin noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra, prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əslində isə, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG