Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Namizəd namizədliyini istəmədiyini deyir


Təqribən 10 gün sonra, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə bir şəxsin razılığı olmadan namizədliyinin verildiyi və qeydiyyata alındığı bildirilir.

Bu barədə " Turan" agentliyinə Xaçmaz rayonu Uzunoba kəndində yaşayan Sayad İsmayılova məlumat verib.

Sayad İsmayılovanın sözlərinə görə, istəmədiyi halda bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb. Uzunoba kənd tam orta məktəbində müəllim işlədiyini deyən İsmayılovanın vurğulamasına görə, bir neçə dəfə ona namizədliyini irəli sürməsi təklif olunsa da, o, bundan imtina edib: " Lakin yenə də namizədliyimi verdilər".

"Dəfələrlə şikayət etdik, nəticə yoxdur".

Sayad İsmayılova əlavə edib ki, məsələ ilə bağlı həm İcra Hakimiyyətinə, həm də bələdiyyəyə şikayət edib: "Dəfələrlə şikayət etdik, nəticə yoxdur".

“Turan” agentliyi bu deyilənlərlə bağlı 56 saylı Xaçmaz Dairə Seçki Komissiyası ilə əlaqə saxlasa da, suallara cavab verilməyib.

DSK-dan arşdırma

Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli isə “Turan” agentliyinə deyib ki, məsələ araşdırılıb əlavə məlumat veriləcək.

Şahin Əsədli bir qədər sonra da agentliyə bildirib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə şəxsin razılığı olmadan onun namizədliyinin irəli sürülməsi və namizəd kimi qeydiyyata alınması ilə bağlı iddia araşdırılıb.

Onun vurğulamasına görə, Sayad İsmayılova bələdiyyə seçkilərində namizədliyini özü irəli sürüb. "Sonra isə 56 saylı Xaçmaz kənd Dairə Seçki Komissiyasına (DSK) müraciət edib və himayəsində azyaşlı uşaqların olmasını səbəb göstərərək, namizədliyindən imtina edib. DSK öz növbəsində müraciətlə bağlı müvafiq addımlarını atıb", deyə o qeyd edib.

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda parlament və prezident seçkilərinə nisbətən bələdiyyə seçkilərinə az maraq var:

"Bu bələdiyyənin səlahiyyətləri ilə bağlıdır. Ən yüksək rəqabətlilik 1999-cu ildə olub. Sonra bələdiyyə seçkilərinə maraq azalıb. Hazırda rəqabətlilik olduqca aşağıdır. Baxmayaraq ki, ötən bələdiyyə seçkilərində rəsmi statistikaya görə təxminən 37 min vətəndaş namizədliyini irəli sürüb. Bu il bu rəqəm 42 minə yaxınlaşıb. Amma bu rəqəm süni şəkildə qaldırılıb".

“Rəqabətli mühitin görüntüsü yaradılır "

Ekspertə görə, bu il namizədliklə bağlı şikayətlərin sayı çoxdur:

"Daha çox şikayət yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən vətəndaşların xəbəri olmadan namizədliklərinin verilməsi ilə bağlıdır. Həmin namizədlər qeydiyyata da alınır. Yerli icra hakimiyyət orqanları namizədlərin sayını süni şəkildə artırırlar və rəqabətli mühitin görüntüsü yaradılır."

Bu iddiaya, hələlik, yerli icra hakimiyyətlərindən münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl icra hakimiyyətləri seçki proseslərinə müdaxilə etmələri ilə bağlı fikirləri təkzib ediblər.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyələrə seçkilər keçiriləcək. MSK-nın məlumatına görə, 41 mindən çox namizəd qeydə alınıb. Azərbaycanda 15 min nəfərdən çox bələdiyyə üzvü var. Ölkədə 1600-dən çox bələdiyyə fəaliyyət göstərir.

Bəzi müxalifət partiyaları bu seçkiləri boykot ediblər.Onlar azad və ədalətli seçkilərə şərait olmadığını vurğulayıblar. Amma həm rəsmilər, həm də MSK bu fikirlə razılaşmır.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG