Rusiyanın Interfax agentliyinin yaydığı xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Ermənistan Qarabağ tənzimlənməsi çərçivəsində Azərbaycanla “Qarabağa təhlükə təşkil etməyən ərazilərin” qaytarılmasını müzakirə edir.
Sentyabrın 18-də Yerevanda keçirilən 6-cı ümumerməni “Ermənistan-Diaspora” forumunda çıxış edən nazir deyib: "Burada söhbət o ərazilərin qaytarılmasından gedir ki, bu, təhlükəsizlik baxımından nə Qarabağ, nə də münaqişənin qızışması üçün hədə təşkil etməyəcək”.
Nalbandyan bunun ardınca əlavə edib: "Başqa təfərrüatları bildirə bilmərəm, əks halda danışqılar pozular”.
Interfax yazır ki, bundan əvvəl forumda çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinin insan haqlarının reallaşdırılmasından və beynəlxalq prinsiplərin yerinə yetirilməsindən asılı olduğunu bildirmişdi.
O həmçinin demişdi ki, “Artsax əhalisi öz ölkəsində azad və təhlükəsiz yaşamaq haqqına malikdir və bu haqqı dövlət təsisatları və inkişaf edən iqtisadiyyatı vasitəsilə reallaşdırır”.
Sarkisyan bəyan etmişdi: "Bu hüququn reallaşdırılması faktdır. Qalan məsələləri danışıqlar yolu ilə həll etmək olar”.
Rusiyanın RBK agentliyinin yazdığına görə xarici işlər naziri Nalbandyan bunu da əlavə edib ki, Ermənistan tərəfi əvvəllər də bəyan etdiyi kimi, Qarabağda müharibə baş verdiyi təqdirdə Artsaxı rəsmən tanıyacaq.
“Əgər müharibə başlansa və onu dərhal dayandırmaq mümkün olmasa, Ermənistan özünü müstəqil elan etmiş Dağlıq Qarabağ Respublikasını tanıyacaq. Bu bütün nəticələri ilə danışqıların sonu demək olacaq”.
RBK xatırladır ki, belə bir bəyanatla 2016-cı ilin aprelində prezident Sarkisyan da çıxış etmişdi. O demişdi ki, “mən Xarici İşlər Nazirliyinə DQR-lə hərbi əməkdaşlıq sazişi imzalanması istiqamətində işləməyi tapşırmışam”.
2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Serj Sarkisyan bəyan etmişdi: “Mən deməliyəm ki, və bunu dəfələrlə demişəm, əgər hərbi əməliyyatlar həqiqətən də davam etsə və genişmiqyaslı şəkil alsa, Ermənistan Respublikası Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq”.
RBK daha sonra yazır ki, iyul ayında Azərbaycan prezidenti İlham Əliyev nəinki Dağlıq Qarabağın, həm də Ermənistanın Azərbaycanın “tarixi əraziləri” olduğunu bəyan etmişdi.
Bununla yanaşı rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirir.