Ermənistanın xarici işlər naziri Edvard Nalbandian ( Edward Nalbandian) fevralın 23-də ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxleri (Gunter Behler) qəbul edib.
Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər ATƏT-in Cənubi Qafqazda fəaliyyətini, təşkilatın Yerevandakı ofisi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Nalbandian deyib ki, təşkilatın Yerevan ofisinə qarşı olan çıxışlar ümumilikdə ATƏT-ə qarşı yönəlib.
Onlar bildiriblər ki, Ermənistanla ATƏT-in Minsk qrupunun səyləri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqların irəliləməsinə müsbət şərait yaratmağa yönəlib.
Görüşdə Ermənistanda qarşıdan gələn parlament sçkisi ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistan ATƏT-in Bakı ofisi ətrafında yaranmış vəziyyətə görə Azərbaycanı günahlandırır.
Yerevan deyir ki, Azərbaycanı 2015-ci ildə ATƏT-in Bakı ofisini bağladıqdan sonra təşkilatın Yerevan Ofisinin mandatının uzadılmasına qarşı çıxır.
Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev bu ilin yanvarında Ermənistanı bu məsələ ətrafında spekulyasiya etməkdə, Yerevan ofisini öz mandatından gənara çıxmaqda günahlandırıb.
“Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin Azərbaycanın işğal olunmuş ərazilərindəki tədbirlərdə iştirakından, xüsusilə də Dağlıq Qarabağda minaların təmizlənməsi layihələrindən gedir”.
Hikmət Hacıyev qeyd edib ki, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.
Qaydaya görə, ATƏT-in istənilən üzvü ofislərin mandatının uzadılmasını əngəlləyə bilər, yəni yektil konsensus olmalıdır.