Keçid linkləri

2024, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 05:08

'İlkinin günahsızlığına əmin olmasaq, bunu istəmərik'


İlkin Süleymanov məhkəməyə gətirilir. Foto arxiv
İlkin Süleymanov məhkəməyə gətirilir. Foto arxiv

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb, ay yarım sonra öldürülməsi, meyitinin isə yandırılmasıyla bağlı məhkəmə araşdırmaları gedir. Azyaşlının başına gələnlərdə suçlanaraq mühakimə olunan İlkin Süleymanovun ailəsi və vəkilləri isə məhkəmənin gedişindən narazıdır.

Müdafiə tərəfi hətta son məhkəmə iclasında işə baxan hakimlərə etiraz verib. Vəkillər iddia edib ki, Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası bu işin hərtərəfli araşdırılmasında, həqiqətin ortaya çıxarılmasında maraqlı deyil. Müdafiə tərəfinin də bu məqsədlə verdiyi vəsatətlər təmin olunmur, imkanları məhdudlaşdırılır. Vəkillərin etirazı baxılmamış saxlanılıb.

"Bunların hansı düzdür?"

Özəlliklə vəkillər istəyir ki, məhkəmənin video- və audioyazısına icazə verilsin. Məhkəmə zalında baş verənlərə, səslənən fikirlərə, ortaya çıxan faktlara sonradan heç kimdə şübhə yaranmasın.

Süleymanovun yaxınları məsələ ilə əlaqədar Ombudsman Aparatına müraciət edib. Ombudsman Səbinə Əliyeva da, öz növbəsində, məhkəmə iclaslarının audio- və videoyazısına icazə verilməsi məsələsi ilə əlaqədar məhkəməyə məktub göndərib.

"Əvvəl məhkəmədə vəkillərimiz vəsatət qaldıranda hakim təmin etməmişdi. Demişdi ki, texniki imkanımız yoxdur. İndi Ombudsmanın məktubuna cavab olaraq deyir ki, videoyazıya qanunvericilik imkan vermir. Bunların hansı düzdür? Bizim istədiyimiz odur ki, hər şey açıq, şəffaf olsun, hamı nəyin necə olduğunu görsün. Biz İlkinin günahsızlığına əmin olmasaq, bunu istəmərik", – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov belə deyir.

İtlər evin yanından keçib...

Məhkəmədə zərərçəkmiş tərəfin – azyaşlı Nərminin atası Şərif Quliyev dindirilib. Məlum olub ki, uşağın axtarışları üçün hüquq-mühafizə orqanlarının əməkdaşları təlim keçmiş itlərdən də istifadə edib. O itlər kənddə təqsirləndirilən Süleymanovgilin evinin yanından da keçib dağlara tərəf gedib. Dindirmə zamanı o da məlum olub ki, hələ Nərminin meyiti tapılan gün Tovuz rayonunun polis rəisi Şirzad Əsgərov iki dəfə kənddə onların evinə gələrək atası Şərif Quliyevlə görüşüb. Polis rəisi Quliyevlərin evinə gələndə uşağın sağ və ya ölmüş vəziyyətdə tapılması haqda heç bir məlumat yox idi.

"Məhkəmə neytral olmalıdır, həqiqətin ortaya çıxmasına çalışmalıdır. Zərərçəkmiş tərəfin dindirilməsində biz bunun əksini gördük. Biz suallarımızı verəndə hakim o sualların qarşısını kəsməyə çalışırdı sanki. Bir çox suallarımız heç bir əsas olmadan çıxarıldı...", – vəkil Əlibaba Rzayev belə deyir.

Hakim məhkəmədə vəkil Rzayevə iki dəfə xəbərdarlıq edib.

Quliyevlər ailəsindən münasibət öyrənmək mümkün olmayıb. Ailə üzvlərindən biri AzadlıqRadiosuna bildirib ki, onlar mediaya heç bir açıqlama vermək istəmirlər.

Çoxsaylı ziddiyyətli məqamlar

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov AzadlıqRadiosuna bildirib ki, ictimaiyyətin diqqət mərkəzində olduğunu nəzərə alaraq, bu işin məhkəmə araşdırmasını izləməyə qərar veriblər. Hüquq müdafiəçisi, hələlik, məhkəmə araşdırmalarının obyektivliyi, ədalətliliyi ilə bağlı nəsə demək istəmir, çünki məhkəmə istintaqı yeni başlayıb və proses hələ davam edəcək.

Amma hüquq müdafiəçisi cinayət işində xeyli ziddiyyətlərin olduğunu vurğulayıb.

"İlkin Süleymanova qarşı ittihamla bağlı çoxsaylı ziddiyyətli məqamlar var. Biz müəyyən sənədlər əldə etmişik. Ona əsaslanaraq deyirəm. Monitorinqləri davam etdirəcəyik. Monitorinqlərdən sonra daha ətraflı söz demək olar", - Cəfərov bildirib.

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanov dörd gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib. Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG