Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Növbəti idman yarışına ayrılan pul açıqlanmır


Bakı Olimpiya Stadionu

İyulun 21-dən 28-nə kimi Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına dövlət büdcəsindən ayrılan vəsait haqqında məlumatı dövlət qurumları ictimaiyyətə açıqlamır.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, idman tədbirlərindən ötrü Gənclər və İdman Nazirliyinə cari ilin büdcəsində nəzərdə tutulan vəsaitdən əlavə təqribən 325 milyon manat ayrılıb. Amma o, bu vəsaitdən nə qədərinin Olimpiya Festivalına ayrıldığını deməyə çətinlik çəkir.

«Turistlərin sayı ilə idman tədbirlərinin əlaqəsi yoxdur»

N.Cəfərli əlavə edib ki, keçiriləcək Festivalla bağlı həm beynəlxalq, həm də yerli mediada məlumat azdır və bu, populyar yarış deyil. O, bu yarışı izləməkdən ötrü çox turistin Azərbaycana gələcəyini istisna edir: «Hökumət dəfələrlə idman yarışlarının turizmin inkişafına dəstək verdiyini vurğulasa da, belə bir tendensiya yoxdur. Ölkəyə gələn turistlərin sayı ilə idman tədbirlərinin əlaqəsi yoxdur. Gürcüstana heç bir yarış olmadan turistlər gəlir və bu ölkəyə gələn turistlərin sayı artır».

N.Cəfərli
N.Cəfərli

İqtisadçının sözlərinə görə, Azərbaycanda idman yarışlarından gəlir götürmək ənənəsi yoxdur və həmin yarışlar rentabelli deyil: «Olimpiya Festivalı həmin yarışlardan biridir. Ölkəyə gələn 3 mindən çox idmançıların, onların məşqçilərin və komandaların xərclərini Azərbaycan çəkəcək...».

«Azərbaycanda korrupsiya və büdcə oğurluğu fantastik dərəcədə yüksəkdir»

İqtisadçı vurğulayıb ki, Azərbaycanda idman yarışlarına heç bir ölkə ilə müqayisə olunmayan səviyyədə vəsait ayrılır. O hesab edir ki, bunun idmana heç bir aidiyyəti yoxdur və bu, idarəetmə sistemindən qaynaqlanaq problemdir: «Azərbaycanda korrupsiya və büdcə oğurluğu fantastik dərəcədə yüksəkdir. Nəzarət mexanizmin olmaması ayrılan vəsaitin hara xərcləndiyini deməyi çətinləşdirir...».

İslam Oyunları Azərbaycana nə verə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Rəsmilər nə deyir

«Turan» agentliyi Avropa Gənclər Yay Olimpiya Festivalına ayrılan məbləğin həcmini öyrənməkdən ötrü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. S.Məmmədova Avropa Gənclər Yay Olimpiya Festivalına ayrılan vəsait ilə bağlı suala cavab verə bilməyəcəyini söyləyib. O, yarışın maliyyə tərəfinə toxunmayıb.

Məsələ ilə bağlı «Turan» agentliyi Maliyyə Nazirliyi ilə də əlaqə saxlamağa cəhdlər göstərib, ancaq oradan da məlumat ala bilməyib.

Bununla belə, Azərbaycan rəsmiləri korrupsiya və büdcə oğurluqları ilə bağlı tənqidləri, əsasən, qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur.

Üstəlik, onlar hesab edirlər ki, beynəlxalq əhəmiyyətli yarışların maddi faydası ilə yanaşı, başqa üstünlükləri də var. Rəsmilərin fikrincə, belə yarışlara yüksək səviyyədə ev sahibliyi etmək ölkə haqqında müsbət imic formalaşdırır.

Azərbaycan bundan öncə də bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edib. 2015-ci ildə Bakıda I Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Habelə, Azərbaycan paytaxtı 2016-cı ildən Formula-1 yarışlarına ev sahibliyi edir və bu ənənə daha bir neçə il davam edəcək. Bütün bu yarışlar zamanı da hökumətin tam xərclərinin açıqlanmaması ilə bağlı narazılıqlar eşidilib.

Xatırlatma

«Bakı 2019» 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-dən 28-nə kimi Bakıda keçiriləcək.

Bu yarışlar çərçivəsində Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndənin gəlməsi gözlənir. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çoxnövlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG